- 12:57 | 15.08.2024
- Məhkəmə
Sabiq deputat Hüseyn Abdullayevin cinayət işi üzrə məhkəməsi başlayıb.
E-huquq.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Təqsirləndirilən şəxsin vəkilləri vəsatət qaldıraraq H.Abdullayevin həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini istəyib. Həmçinin onun müalicəsinin özünün seçdiyi həkim tərəfindən və özünün məsləhət bildiyi özəl klinikada müayinə edilməsi barədə vəsatət qaldırılıb. Digər bir vəsatət isə təqsirləndirilən şəxsin müalicə müəssisəsinə köçürülməsi və prosesin videokonfrans vasitəsilə keçirilməsi ilə bağlı olub.
Dövlət ittihamçısı Rauf Malışov isə vəsatətlərin təmin edilməməsini və işin məhkəmə baxışına verilməsini təklif edib.
Daha sonra məhkəmə müşavirəyə gedib. Müşavirədən qayıdan məhkəmə qərarı elan edib. Qərara əsasən, H.Abdullayevin ev dustaqlığına buraxılması barədə vəsatət rədd edilib. Onun Penitensiar xidmətin müalicə müəssisəsinə köçürülməsi və prosesin videokonfrans vasitəsilə keçirilməsi barədə vəsatətlər isə təmin olunub.
Məhkəmənin ilk baxış avqustun 22-nə təyin edilib.
Qeyd edək ki, Baş Prokurorluğun mətbuat xidmətinin verdiyi məlumata görə, Abdullayev Hüseyn Abbas oğlu və qeyriləri tərəfindən bir sıra Avropa ölkələrində külli miqdarda pul vəsaitlərinin leqallaşdırılmasına dair xarici ölkələrin aidiyyəti orqanlarından daxil olmuş müraciətlər əsasında Baş Prokurorluğun aidiyyəti idarəsində araşdırmalar aparılmış və daxil olmuş materiallar İstintaq idarəsinə təqdim edilməklə istintaq yolu ilə araşdırılıb.
İstintaqla Hüseyn Abdullayevin bilə-bilə cinayət yolu ilə əldə etdiyi əmlakın həqiqi mənbəyini gizlətmək məqsədi ilə özünün və ailə üzvlərinin adlarına ölkəmizdə fəaliyyət göstərən banklarda açılmış 7 bank hesabı vasitəsi ilə ümumilikdə 5.5 milyon manatdan artıq pul vəsaitini müxtəlif fiziki və hüquqi şəxslərin Azərbaycan Respublikası və xarici ölkələrdəki bank hesablarına köçürməklə, konvertasiya əməliyyatlarını həyata keçirməklə, habelə qanunsuz əqdlər bağlamaqla yaxın qohumunun adına Azərbaycan Respublikası ərazisində daşınmaz əmlaklar alaraq həmin məbləğdə pul vəsaitini leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Hüseyn Abdullayev Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata kiçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Orxan Rasifoğlu