- 14:25 | 24.01.2024
- Müsahibələr
Azərbaycan Respublikasının Əməkdar hüquqşünası, Ali Məhkəmənin sabiq hakimi Müzəffər Ağazadənin e-huquq.az-a müsahibəsini təqdim edirik:
- Müzəffər müəllim, 1970-ci ildə hakimlik fəaliyyətinə başlamısınız. Fəaliyyətinizin ilk illərini necə xatırlayırsız?
- Necə xatırlayacağam? 29 yaşlı gəncin birdən-birə ayrıca bir rayonun 5-6 hörmətli və məsul vəzifələrdən birini icra etməli olduğunu dərk edən şəxs kimi. Məhkəmə hakimi vəzifəsini həyata keçirməyimin ilk vaxtlarında çətinlik çəkib-çəkmədiyim məsələsini soruşursunuzsa, birmənalı olaraq "xeyr" cavabını vermək istərdim. Çünki hakimlik vəzifəsinə başlayana qədər bu peşənin xüsusiyyətləri barədə kifayət qədər məlumatlı idim. Belə ki, 1970-ci ilə qədər Masallı rayonu və Bakı şəhəri Oktyabr (hazırki Yasamal) rayon məhkəmələrində iclas katibi, sonrakı illərdə Məhkəmə Ekspertizası İnstitutunda və Ali Məhkəmənin Nəzarət Şöbəsində baş məsləhətçi vəzifəsində işləmişdim. Məhkəmələrdə uzun müddət iclas katibi vəzifəsində işləmək isə necə deyərlər "yarım hakim" kimi formalaşmaq deməkdir. Həmin vəzifədə işləyənlər 5-6 il ərzində məhkəmə hakimlərinin məhz hansı funksiyaları həyata keçirdiyini, qərarların tərtibi məsələlərini müəyyən dərəcədə mənimsəyə bilirlər. Ali Məhkəmədə baş məsləhətçi işlədiyim dövrdə isə məhkəmələrdə baxılmış və qanuni qüvvəsini almış hökm və qərarlardan nəzarət qaydasında verilən şikayətlər əsasında məhkəmə işlərini öyrənib qanun pozuntularına yol verilib-verilməməsi barədə fikrimi rəhbərliyə məruzə edirdim. Ali Məhkəmə rəhbərliyi ilə belə işlər barədə razılığa gəldikdə işlər üzrə rəy, yaxud daha yuxarı instansiya məhkəməsində baxılması üçün protest hazırlayırdım. Təbii ki, hakim seçilənə qədər topladığım təcrübə hakimlik peşəsini həyata keçirdiyim dövrdə mənə gərək oldu.
- 40 illik hakimlik fəaliyyətiniz dönəmində baxdığınız işlərdən indiyədək ən yaddaqalanları hansılar olub?
- Elə işlərin sayı çoxdur. Bir mülki və bir cinayət işinə baxarkən baş verən gözlənilməz hadisələri diqqətinizə çatdırmaq istəyirəm. Demək, 2000-ci ildən qüvvədə olan mülki-prosessual qanunvericiliyə görə, baxılası mülki işlər üzrə sübutlar "tərəflər" adlandırılan iddiaçı və cavabdehin özləri tərəfindən məhkəməyə təqdim edilməlidir. Məhkəmənin bu sahədə müəyyən sorğular verməklə tərəflərə köməklik etmək hüququ olsa da, sübut təqdim etmək ağırlığı tərəflərin üzərinə düşür. 2000-ci ildən əvvəl qüvvədə olmuş mülki-proesssual qanunvericiliyə görə isə mülki işlər üzrə sübutların toplanması ağırlığı əsasən məhkəmənin üzərinə düşürdü. Yəni məhkəmələr nəyin bahasına, hansı üsullarla olursa olsun, sübutlar əldə edib araşdırmalı, onlara hüquqi qiymət verməklə kimin haqlı olmasını müəyyən etməli idilər. 70-ci illərin əvvəllərində işlədiyim rayonların birində məhkəmənin icraatında sadə bir mülki iş var idi. Qonşu rayonda yaşayan bir nəfər ona məxsus olan bir baş atın kəndə məxsus otlaq sahəsindən mənim hakim işlədiyim rayonun sakini tərəfindən aparıldığını, mübahisəli atın ona məxsus olduğunu iddia edərək geri qaytarmadığını göstərərək atını tələb edirdi. Məhkəmə iclasında cavabdeh mübahisəli atın məhz ona məxsus olan ana atın balası olduğunu, bir ilə yaxın müddətdə yoxa çıxdığını, çox yeri axtardığını, nəhayət qonşu kəndin ərazisindən keçərkən həmin kəndin atları arasında tanıyıb gətirdiyini iddia edirdi. Qonşularından 10-15 nəfəri də onun haqlı olduğunu təsdiq edəsi şahid kimi göstərmişdi. Əks tərəfin göstərdiyi şahidlər isə mübahisəli atın öz qonşularına məxsus atın balası olduğunu, onların gözləri qarşısında ərsəyə gəldiyini təsdiq edirdilər. Həm iddiaçı, həm də cavabdeh tərəf daha artıq şahid göstərməyə razı olduğunu bildirirdilər. Bu mübahisəli atın dərisində xarakterik əlamət olmadığından şahidlərin hamısı eyni sözü deyirdilər. Çətin vəziyyətə düşmüşdük. Sübut əldə etmək imkanı sıfıra bərabər idi. Sonra cavabdeh bildirdi ki, mənim atımın qəribə xasiyyəti var idi. Hansı sürətlə qaçmasından asılı olmayaraq, yüyürərkən qarşısına heyvan cəsədi çıxdıqda qabaq ayaqlarını yerə dirəyib irəli getməkdən imtina edir. Bu sözdən sonra sanki üzərimizdən böyük bir yük götürüldü. İşin baxılmasını təxirə salmaqla bir uzunqulaq cəsədi tapıb eksperiment keçirdik. Eksperiment zamanı cavabdehin dedikləri öz təsdiqini tapdığı üçün onun xeyrinə qətnamə qəbul edildi. Çünki, necə deyərlər, daşdan keçən sübut əldə edilmişdi. İddiaçı özü də qərarımızla razılaşdı və yuxarı məhkəməyə şikayət vermək hüququndan istifadə etmədi.
Baxdığımız cinayət işlərinin birinin də qeyri-adi nəticəsi barədə misal çəkmək istəyirəm. Sovet Quliyev adlı bir şəxsin Rafiq Canıyev adlı şəxsi 1990-cı illərin ortalarında Astara rayonunun Şahağac kəndi ərazisində qəsdən öldürməsi barədə işə Astara Rayon Məhkəməsində baxmalı idik. Astara Rayon Məhkəməsinin binası təmirdə olduğundan məhkəmə iclasını məhkəmə sədrinin kabinetində keçirməli olduq. Kabinet özü də kifayət qədər böyük deyildi. Kabinetdə məhkəmə tərkibi (sədr və xalq iclasçıları), prokuror, vəkil və məhkəmə iclas katiblərindən savayı cəmi 3 nəfər tamaşaçı var idi. Onlar da prokuror və iclas katibinin arxasındakı skamyada oturmuşdular. 2 nəfər təqsirləndirilən şəxsə isə qarşıda, kabinetin küncündə yer edilmişdi. Təbii ki, onların sağ və solunda iki nəfər milis işçisi dayanmışdı. Təqsirləndirilən şəxs əvvəllər də adam öldürmüş şəxs idi. Rafiq Canıyev isə Lənkəranda çörək zavodunun direktoru imiş. Hiss olunurdu ki, həm içəridə oturan kənar şəxslər, həm də binanın çölündə olanlar mərhumun qohum və tanışlarıdır. Məhkəmə iclasında təqsirləndirilən şəxslər, zərərçəkmiş və bir neçə şahid dindirilmişdi ki, sağ tərəfdəki skamyada oturmuş 17-18 yaşlı cavan oğlan qəflətən ayağa qalxıb tapançadan təqsirləndirilən şəxsə - Sovetə Quliyevə 4 atəş açdı. Onu qan götürdü, yerə yıxıldı. Dərhal atəş açanı tərksilah etdik. Məlum oldu ki, atəş açan oğlan qətlə yetirilmiş Rafiq Canıyevin oğlu Rövşəndir. Bu hərəkətlə o, atasının qisasını almaq istəyibmiş. Yaralanmış şəxsi Astara və Lənkəran Mərkəzi Rayon Xəstəxanalarına aparsalar da, onu həmin xəstəxanalara qəbul etməmişdilər. Masallı Rayon Mərkəzi Xəstəxanasına aparılan yaralı həmin gecə orada ölmüşdü. Məhkəmə iclasında atəş açan oğlan isə cinayət məsuliyyətinə cəlb olunaraq məhkum edildi. Sonradan öyrəndim ki, Canıyevlər Lənkəranda əhali arasında hörmət qazanmış şəxslərdən imiş. Rövşən həbsdən buraxılandan sonra camaat onu təntənə ilə qarşılamış və mərhum atasının işlədiyi çörək zavodunun direktoru vəzifəsinə təyin olunmasına nail olmuşdular. Həmin şəxs sonradan "Rövşən Lənkəranski" ləqəbi ilə qanuni oğru kimi tanınan Rövşən Canıyev idi.
- Müzəffər müəllim, Azərbaycanda yeni hakim korpusu formalaşdırılır, yeni təyin olunan hakimlər arasında gənclərə üstünlük verilir. Siz bugünkü gənc hakimlərin fəaliyyətindən razısınızmı?
- Bəli, razıyam. Hesab edirəm ki, hazırki dövrdə hakimlik fəaliyyətini həyata keçirənlər bizim dövrdə hakimliyə təyin olunanlarla müqayisədə həm ümumi, həm də hüquqi cəhətdən bilikli olmaq baxımından daha üstündürlər. Lakin bunun obyektiv səbəblərini də yaddan çıxarmaq olmaz. Aydındır ki, bizim dövrdə hüquqşünas kadrlar indiki səviyyədə deyildilər. Hüquq təhsili olan, lakin hüquqşünaslıqla bağlı heç bir praktikası olmayan adamlar da hakim vəzifəsini tuta bilərdilər. Hazırki qanunlarla isə yalnız azı 5 il müddətində hüquqşünaslıq ixtisası üzrə işləmiş şəxslər hakimlik vəzifəsinə iddia edə bilərlər. Bundan əlavə, belə şəxslər test imtahanı verməli, şifahi müsahibədən keçməli, müxtəlif instansiya məhkəmələrində praktik məşğələlərdə iştirak etməlidirlər. Hakimliyə namizədlərin hətta xarici ölkə məhkəmələrində təcrübə keçmək imkanları da var. Şübhəsiz ki, belə prosedurlardan sonra namizədlər hakimlik peşəsini daha tez mənimsəyirlər. Yeri gəlmişkən, onu da qeyd eymək istəyirəm ki, hazırki vaxtda bütün instansiya məhkəmələrinin icraatında həddindən artıq iş vardır və onları qanunla müəyyən edilən vaxtda baxıb qurtarmaq fiziki cəhətdən mümkün deyil. Görünür. bu səbəbdən də aşağı instansiya hakimlərinin qəbul etdiyi qərarların yuxarı instansiya məhkəmələri tərəfindən ləğv edilməsi halları da heç də az deyil.
- Təcrübəli hakim kimi məsləhət almaq, təcrübələrinizdən faydalanmaq üçün gənc hakimlər sizə müraciət edirmi?
- Bayaq qeyd etdiyim kimi, mənim 56 ildən artıq iş stajım bütünlükdə məhkəmə orqanları ilə bağlıdır. Masallı və Bakı şəhəri Oktyabr rayon məhkəmələrində iclas katibi, Məhkəmə Ekspertiza İnstitutu və Ali Məhkəmədə baş məsləhətçi, 40 il ərzində Daşkəsən, Bərdə və Ağdam rayon məhkəmələrində hakim və baş hakim, Ali Məhkəmədə hakim vəzifəsində işləmişəm. 2010-cu ildə təqaüdə çıxdıqdan sonra isə Sumqayıt Apellyasiya Məhkəməsində Aparat rəhbəri olmuşam. İşlədiyim zaman, həmçinin təqaüdə çıxdıqdan sonra qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı mətbuatda 60-a qədər məqalələr dərc etdirmişəm və verdiyim təkliflərin əksəriyyəti nəzərə alınmaqla qanunlarda dəyişikliklər edilmişdir. Respublikanın əməkdar hüquqşünası adına layiq görülmüşəm. Ali Məhkəmənin Elmi-məsləhət şurasının üzvüyəm. Belə vəziyyətdə hazırda fəaliyyətdə olan hakimlərin məhkəmə işləri ilə əlaqədar mənə müraciət etmələri təbii görünməlidir. Yeri gəlmişkən qeyd edim ki, hüquqi məsələlər barədə mənə təkcə hakimlər deyil, bəzən prokurorlar, müstəntiqlər də müraciət edirlər. Təbii ki, mən bildiyimi, təcrübəmi onlardan əsirgəmirəm. Belə diskussiyaların mənə də xeyri olur. Çünki diskussiyalar zamanı yeni qəbul edilən qərarların mahiyyəti ilə tanış oluram.
- Qeyd etdiniz ki, Ali Məhkəmənin Elmi-məsləhət Şurasının üzvüsünüz. Şuranın fəaliyyəti barədə nə deyə bilərsiniz?
- Elmi-məsləhət şurası Ali Məhkəmə yanında fəaliyyət göstərən məsləhətverici orqandır və öz fəaliyyətində ölkə Konstitusiyasını, “Məhkəmələr və hakimlər haqqında” Qanunu, prosessual qanunvericilik aktlarını və s. rəhbər tutur. Şura həm fəaliyyətdə, həm də təqaüddə olan hakimlər, müvafiq professor-müəllim heyəti, vəkil və hüquq-mühafizə orqanlarının əməkdaşları sırasından 3 il müddətinə seçilir. Elmi-məsləhət Şurası Ali Məhkəmənin Plenumuna onun qərarlarının hazırlanması prosesində metodiki yardım göstərilməsi, qanunvericiliyin tətbiqi ilə bağlı məhkəmə təcrübəsində yaranan hüquqi problemlərin aradan qaldırılması istiqamətində tövsiyələrin hazırlanması kimi məsələlərlə məşğul olur. Etiraf etmək lazımdır ki, əvvəllər də eyni adlı şuralar yaradılsa da, faktiki olaraq fəaliyyət göstərmirdilər. Keçən ilin iyun ayında Şuranın yeni tərkibi formalaşdıqdan sonra onun fəaliyyəti canlandı. Yeni tərkibin fəaliyyətindən sonrakı 6 ay ərzində Şuranın iki dəfə iclası keçirilib. Bu iclaslarda məhkəmələr üçün mühüm olan məsələlər müzakirə edilib. Onu da qeyd etmək lazımdır ki, iclaslarda Şuranın xarici ölkələrdən olan üzvləri də onlayn qaydada iştirak edir və çıxış edirlər. Ümid edirik ki, Şura qanunların tətbiqi ilə bağlı qarşıya çıxan problemlərin həlli məsələlərində məhkəmələrə lazım olan yardımı göstərəcək.
- Müzəffər müəllim, ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatlarını necə qiymətləndirirsiz?
- Təbii ki, müsbət qiymətləndirirəm. Azərbaycan Respublikası Prezidentinin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 2019-cu il 3 aprel tarixli Fərmanında da qeyd olunur ki, ölkəmizin davamlı tərəqqisinin təmin edilməsi üçün bütün sahələrdə həyata keçirilən islahatlar məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanğıcını və bu sahədə islahatların dərinləşməsini zəruri edir. Həmin Fərmanın qəbulundan qısa müddət keçsə də, prinsipial əhəmiyyət kəsb edən bir sıra məsələlərdə yeniliklər vardır. Məsələn, məhkəmələrin fəaliyyəti ilə bağlı məsələlərin idarə olunmasını həyata keçirən Məhkəmə-Hüquq Şurasının yeni tərkibi formalaşıb. Hazırda Məhkəmə-Hüquq Şurasına Ali Məhkəmənin sədri rəhbərlik edir. Şuranın tərkibi də əsasən hakimlərdən ibarətdir. Hakimlərin Seçki Komitəsinin tərkibi də yenidən təşkil olunub. Ümid edirik ki, yeni tərkibdə yaradılmış Hakimlərin Seçki Komitəsi ədalət kürsüsündə hakimliyə namizədlərdən daha layiqli olanları seçməyə nail olacaq.
- Son olaraq, cəmiyyətin hüquqi bilik səviyyəsi ilə bağlı fikirlərinizi də öyrənmək istərdik. Sizcə, bu gün cəmiyyətin hüquqi bilikləri qənaətbəxş səviyyədədirmi?
- Hesab edirəm ki, yox. Bunu sosial şəbəkələrdəki məlumatlardan, vətəndaşların məhkəmə qərarlarına münasibətlərindən də görmək olar. Məsələn, hər hansı şəxs onun işi ilə bağlı qəbul olumuş məhkəmə qərarının ədalətsizliyindən gileyləndikdə yazını oxuyan vətəndaşlar dərhal məhkəmələrin ədalətsiz olması barədə fikirlər söyləyirlər. Sosial şəbəkələrdə həqiqətən də belə yazıların sayı çoxdur. Bu isə vətəndaşların hüquqi biliklərinin azlığı ilə əlaqədardır. Belə ki, məhkəmələrdə baxılan mülki və cinayət işlərinin əksəriyyətində 2 tərəf olur: mülki işlər üzrə iddiaçı və cavabdeh, cinayət işlər üzrə isə təqsirləndirilən şəxs və zərərçəkmiş. Bu işlər üzrə qəbul edilən qərarlardan tərəflərdən biri mütləq narazı qalır. Axı məhkəmə qərarları qəbul edilərkən mübahisə tərəflərindən biri mütləq uduzmalıdır. Yəni əgər məhkəmədə 10 min işə baxılıbsa, həmin məhkəmədən narazı olan 10 min uduzan şəxs də vardır. Bu zaman onlar yuxarı instansiya məhkəməsinə şikayət vermək əvəzinə, sosial şəbəkələrdə hakimlərin ədalətsiz olmaları barədə yazırlar. Yaxud bəzən olur ki, hər hansı cinayət hadisəsi törətmiş şəxsin mütləq ölüm cəzasına məhkum edilməli olması barədə təkliflər verirlər. Unudurlar ki, 25 ildən artıqdır ki, ölkəmizdə ölüm cəzası ləğv edilib. Mənim şəxsi müşahidələrimə gəldikdə isə son illərdə vətəndaşların hüquqi bilik səviyyəsi yüksəlməkdədir. Fikrimcə, bu ölkədə vəkillərin sayının nəzərə çarpacaq dərəcədə artırılması ilə əlaqədardır.
Xəyalə Bünyatova