Qazaxıstanın AZAL-ın təyyarə qəzasını araşdıran komissiyası ilkin nəticələri 30 gündə açıqlayacaq

Qazaxıstanın "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğramasını araşdıran hökumət komissiyası təhqiqatın ilkin nəticələrini 30 gün ərzindətəqdim edəcək.

E-huquq.az "Kazinform"a istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın nəqliyyat nazirinin müavini, komissiya üzvü Talqat Lastayev deyib.

"Ümumilikdə standartlara görə, təhqiqatın ilkin və ya aralıq nəticələri 30 gün ərzində elan edilir", - nazir müavini söyləyib.

Lastayevin sözlərinə görə, hazırda araşdırmanın sahə mərhələsi gedir, yəni təyyarənin parçaları, qəza yerindən izlər toplanır. Bütün bunlar Aktau hava limanında xüsusi təşkil olunmuş yerə toplanır və ekspertləri toplanmış sübutları qiymətləndirir.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb.