"Araz" marketdən yağ oğurlayıb satan şəxs: "Paltarlarımın altında gizlədirdim"

Paytaxtın Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində mağazadan oğurluq etməkdə təqsirləndirilən Rauf Eyvazovun (ad-soyad şərtidir) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

E-huquq.az-ın məlumatına görə, Suraxanı Rayon Məhkəməsində hakim Nərminə Rzayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, R.Eyvazov Cinayət Məcəlləsinin 177.1-ci, maddəsi ilə təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, R.Eyvazov müxtəlif vaxtlarda müştəri kimi daxil olduğu "Araz" marketdən fərqli markalara məxsus yağ məhsulları oğurlayıb. O, məhkəmədə ifadəsində işsiz olduğu və pula ehtiyacı olduğu üçün marketdən yağ oğurlayıb satmaq qərarına gəldiyini bildirib. O, həmin marketə gedib oradan yağ oğurlamaq üçün yağların olduğu yerə yaxınlaşıb. Ətrafa baxıb onu heç kəsin görmədiyinə əmin olub. Yağların olduğu yerə yaxınlaşıb oradan yağları heç kəsin görmədiyinə əmin olduqdan sonra paltarlarının altında gizlədib və marketdən çıxıb. Həmin yağları yaşadığı ətrafda tanımadığı şəxslərə satıb. Oradan əldə etdiyi gəliri öz şəxsi ehtiyaclarına xərcləyib.

Şəbnəm Mehdizadə