“Xarici arbitraj qərarlarının tanınması və icrası haqqında" Nyu-York Konvensiyasının Azərbaycan dilində autentik tərcüməsi Hüquqi Aktların Dövlət Reyestrində yerləşdirilib

Məlum olduğu kimi, Azərbaycan Respublikası 1999-cu il 9 noyabr tarixli 734-IQ nömrəli Qanun ilə "Xarici arbitraj qərarlarının tanınması və icrası haqqında" 1958-ci il 10 iyun tarixli Konvensiyaya (bundan sonra – Konvensiyası) qoşulub. Lakin həmin dövrdə Konvensiya Azərbaycan dilinə tərcümə edilmədən, Konvensiyanın rəsmi dillərindən olan rus dilində qanuna əlavə olunaraq Hüquqi Aktların Dövlət Reyestrində həmin dildə yerləşdirilib.

E-huquq.az xəbər verir ki, 2023-cü il 26 dekabr tarixində yeni “Arbitraj haqqında” Qanunun qəbul edilməsi və müvafiq sahənin əhəmiyyətinin artması ilə əlaqədar Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi (bundan sonra – HEQT Mərkəzi) tərəfindən öz Nizamnaməsinin 3.1.12-ci və 3.1.13-cü yarımbəndlərinə uyğun olaraq, habelə “Azərbaycan Respublikasında dövlət dili haqqında” və “Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında” Qanunların tələblərinin yerinə yetirilməsi məqsədilə Konvensiyanın Azərbaycan dilinə tərcümə edilməsi qərara alınıb.

Belə ki, “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun 12.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr (sazişlər və s.) və qoşulduğu beynəlxalq konvensiyalar (protokollar və s.) dövlət dilində nəşr edilməlidir.

Bundan başqa, “Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında” Qanunun 11-ci maddəsinin ikinci hissəsinə əsasən ratifikasiya üçün təqdim edilmiş beynəlxalq müqavilələr dövlət dilində olmalıdır. Rəsmi mətnləri dövlət dilində olmadıqda beynəlxalq müqavilələr dövlət dilinə tərcümə edilməli və tərcümə edilmiş mətnin rəsmi mətnə uyğunluğunu təsdiq edən sənəd əlavə edilməlidir.

Yuxarıda göstərilənləri nəzərə alaraq, tabeliyindəki Hüquq və İnsan Haqları İnstitutu cəlb edilməklə HEQT Mərkəzi tərəfindən Konvensiyanın Azərbaycan dilinə tərcümə edilməsi təmin olunub və tərcümə edilmiş mətnin rəsmi mətnə uyğunluğu (autentikliyi) Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən təsdiq edilib.

Hazırda Konvensiyanın Azərbaycan dilində olan mətni Hüquqi Aktların Dövlət Reyestrində yerləşdirilib. Qeyd edilən mətnlə bu veb-link vasitəsi ilə tanış ola bilərsiniz: