- 17:56 | 05.01.2025
- Digər
Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin 2024-cü il dekabrın sonunda Qazaxıstanda qəzaya uğraması ilə bağlı araşdırmanın ilkin hesabatı qəzanın baş verdiyi tarixdən 30 gün sonra dərc olunacaq.
E-huquq.az xəbər verir ki, bu barədə Qazaxıstanın Nəqliyyat və Rabitə Nazirliyi məlumat yayıb
"Qazaxıstan Respublikası qanunvericiliyinin tələblərinə və ICAO-nun 13 saylı Əlavəsinin tələblərinə uyğun olaraq ilkin hesabat qəzanın baş verdiyi tarixdən 30 gün sonra dərc ediləcək. Eyni zamanda, 13 saylı əlavəyə uyğun olaraq, Komissiya araşdırmanı 12 ay ərzində başa çatdırmağı planlaşdırır", - deyə nazirlik bildirib.
Qeyd edək ki, dekabrın 28-dən 29-na keçən gecə “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olan 3 ekipaj üzvünün (pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və təyyarə bələdçisi Hökümə Əliyeva) və 21 sərnişinin nəşləri Bakıya gətirilib.
Daha öncə, bu qəzada həlak olan 4 nəfərin nəşi və yaralanan 14 nəfər Bakıya gətirilib.
Xatırladaq ki, dekabrın 25-i Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.
Aktau şəhərində qəzaya uğrayan “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Hadisə nəticəsində 38 nəfər həlak olub, 29 nəfər isə yaralanıb.