Söyüşə görə dostunu güllələməkdə təqsirləndirilən şəxs Ali Məhkəməyə müraciət etdi

Kürdəmirdə həmyerlisini qətlə yetirməkdə təqsirləndirilən Cümşüd İslamovun barəsindəki hökmdən kassasiya şikayəti verilib.

E-huquq.az-ın məlumatına görə, şikayət artıq Ali Məhkəməyə daxil olub və hakim İlqar Qılıcovun icraatına verilib.

Qeyd edək ki, Kürdəmirin Muradxan kənd sakini, əvvəllər məhkum olunmuş 1968-ci il təvəllüdlü Cümşüd İslamov aralarında yaranan mübahisə zəminində dostu - rayonun Sor-Sor kənd sakini, Bakıda yaşayan 1977-ci il təvəllüdlü Müşfiq Məmmədova “Makarov” tipli tapança ilə üç güllə xəsarəti yetirib. Nəticədə Müşfiq Məmmədov ölüb. Məlumata görə, hadisə dostlar zarafatlaşarkən işlədilmiş söyüşə görə baş verib. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, Cinayət Məcəlləsinin 120.2.4 və 228.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 18 il müddətə azadlıqdan məhrum edilib. Hökmlə bağlı apelyasiya şikayəti və apellyasiya protesti verilib. Şirvan Apellyasiya Məhkəməsi müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin etməyib. Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilib və Cümşüd İslamovun cəzası artırılaraq 19 ilə qaldırılıb. 

Şəbnəm Mehdizadə