- 09:52 | 23.12.2024
- Məhkəmə
"Azərbaycanda məhkəmə təcrübəsində hakimə etiraz, eyni zamanda özü-özünə etiraz məsələləri çox məhdud formada tətbiq edilir".
E-huquq.az xəbər verir ki, bunu vəkil Anar Məmişov deyib.
Onun sözlərinə görə, qanunvericiliyin tələblərinə əsaslanaraq, bir çox hallarda etirazın baxılmamış saxlanılması barədə qərar qəbul edlir.
"Hesab edirəm ki, bu yanaşma qanunvericilikdə qüsurlu bir yanaşmadır", - deyə vəkil bildirib.
"Belə ki, Mülki-Prosessual Məcəlləyə əsasən, etirazın əsaslarına dair sübut təqdim edilmədikdə, etiraz işə baxan məhkəmə tərəfindən baxılmamış saxlanılır. Cinayət Prosessual Məcəlləyə əsasən, etirazda konkret əsaslar olmadıqda o, işə baxan məhkəmə tərəfindən baxılmamış saxlanılır. İnzibati Prosessual Məcəllədə isə ümumiyyətlə hakimə etirazın həll edilməsinin qaydası konkret göstərilmir. Biz burada Mülki-Prosessual Məcəllənin yuxarıda qeyd olunan normasını əsas götürə bilərik. Ancaq İnzibati Prosessual Məcəllədə etirazın yeni bir əsası mövcuddur, hakimin inzibati məhkəmə icraatının iştirakçılarından birinin və ya onlardan hər hansı birinin nümayəndəsinin və ya vəkilinin, eləcə də məhkəmə tərkibinin üzvlərindən birinin rəsmi və ya faktiki əri (arvadı) olması və ya əvvəl belə halların övcud olması. Maraqlısı budur ki, ailə qanunvericiliyimiz faktiki nikahı tanımadığı halda, bu hal inzibati prosesdə necə sübt edilə bilər? Faktiki ər-arvadın kriteriyası necə müəyyən olunacaq? Bu qeyd etdiyim hal yeganə başa düşülən norma deyil. Qanunvericilikidə əsas problem etirazın ilkin mümkünlüyünün etiraz verilmiş hakimin özü tərəfindən baxılması və qiymət verməsidir. Hesab edirəm ki, bu hüquqi-müəyyənlik prinsipi ilə uzlaşmır. Konstitusiya Məhkəməsi Plenumunun da bir çox qərarlarında dəfələrlə istinad etdiyi hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir və hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu, öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiqedənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. Hakimin etirazın mümkünlüyünü özünün yoxlaması bu prinsipə etimadı pozmuş olur", - A.Məmişiv qeyd edib.
Vəkil hesab edir ki, yalnız etiraz təkrar verildiyi halda və yeni bir əsas meydana çıxmadığı halda etirazı hakim özü baxılmamış saxlaya bilməlidir: "İlkin edilmiş etiraz isə hər bir halda etiraz edilmiş hakim və ya hakimlərin özləri tərəfindən deyil, etiraza baxmaq səlahiyyəti olan hakimlər tərəfindən edilməlidir. Bir müddət öncə elektron məhkəmə sistemindən hakimin öz-özünə etdiyi və təmin edilmiş etirazı oxumuşdum. Hakim öz-özünə etirazı onunla əsaslandırmışdır ki prosesin tərəf olan şəxs həmin işlə bağlı ondan müxtəlif instansiylalara çoxsaylı şikayətlər edib və bu şikayətlərə görə düşünür ki işə qərəzsiz baxa bilməz. Yuxarı instansiya məhkəməsi öz-özün edilmiş etirazı təmin etmişdir. Hesab edirəm ki, bu doğru yanaşadır. Belə ki, məhkəmə aktları iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmağa, həmçinin məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət etməlidir. Bu isə etiraz inistutundan da xeyli asılıdır".
Şəbnəm Mehdizadə