- 15:25 | 23.12.2024
- Dünya
Yaponiyada ovçuluqla bağlı qanunvericiliyə dəyişiklik edilir.
E-huquq.az yerli mətbuata istinadən xəbər verir ki, hökumət şəhərləşmiş ərazilərdə artan ayı hücumları ilə əlaqədar olaraq qanunvericiliyə bəzi dəyişikliklər edəcək.
Yeni tənzimləmə ilə yerli hökumətlər ayıların göründüyü yerlərdə ovçulara ov üçün təcili icazə sənədi vermək hüququna malik olacaq.
Qanuna edilən bu dəyişiklik dəyişiklik lisenziyalı ovçuların ayı hücumlarına daha tez müdaxilə etmələrini təmin etmək məqsədi daşıyır.
Qüvvədə olan qanuna əsasən fövqəladə hallarda silah istifadə edilməzdən əvvəl polis heyvanların insan həyatı üçün təhlükə törətdiyini müəyyən etməlidir.
Ekologiya Nazirliyinin məlumatına görə, 2024-cü ilin mart ayına qədər Yaponiyada ayılarla bağlı 219 ciddi hadisə qeydə alınıb.
Hücumlar zamanı 6 nəfər həyatını itirib.
Hesabat dövründə 9 mindən çox qara və qəhvəyi ayı tutularaq məhv edilib.
Mütəxəssislər ayı hücumlarının artmasının səbəbini iqlim böhranı, qida çatışmazlığı, tərk edilmiş kənd təsərrüfatı torpaqlarının artması ilə əlaqələndirirlər.
Yaponiyadakı Asiya qara ayılarının sayının 2012-ci ildəki 15 mindən 2024-cü ildə 44 minə yüksəldiyi təxmin edilir.
Hokkaydoda Ussuri qonur ayılarının sayı 3 dəfə artaraq təxminən 12 minə çatıb.
Ölkədə ovçuların sayının azalması və qocalması ayı hücumlarının qarşısını almağı da çətinləşdirir.
Belə ki, 1975-ci ildə 517 mindən çox olan ov lisenziyalarının sayı 2020-ci ildə 218 minə enib.
Bundan əlavə, lisenziya sahiblərinin 60 faizi 60 və yuxarı yaşda olan fiziki şəxslərdir.
Son bir ildə Tokio və ətraflarında 200-dən çox ayının görüldüyü bildirilir.
Statistikaya görə, paytaxtda və onun ətrafında 200ə yaxın qara ayı yaşayır.
Şəbnəm Mehizadə