Prokurorluğun veteranları və təqaüdə çıxmış prokurorluq işçisi təltif edildi - FOTO

Uzun müddət prokurorluq orqanlarında şərəfli xidmət yolu keçmiş Azərbaycan Prokurorluğunun veteranları Namiq Əsgərov və Bəhruz Mahmudovun 70 illik yubileylərinin tamam olması, eyni zamanda prokurorluqda qulluqda olmanın son yaş həddinə çatmış Kürdəmir rayon prokurorunun müavini Elxan Məmmədovun qulluq keçməsinə xitam verilməsi ilə əlaqədar Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə dekabrın 18-də tədbir keçirilib.

E-huquq.az xəbər verir ki, tədbirdə Baş prokuror tərəfindən veteran prokurorluq işçisi Namiq Əsgərova hədiyyə, Bəhruz Mahmudova isə “Azərbaycan Prokurorluğunun 100 illiyi” Azərbaycan Respublikasının yubiley medalı təqdim edilib. 

Namiq Əsgərov və Bəhruz Mahmudov prokurorluq orqanlarında qulluq keçmənin, prokurorluq işçisi kimi qanunçuluq və hüquq qaydalarının təmin olunmasında, dövlətçiliyimizin maraqlarının müdafiə edilməsində xidmət aparmanın qürurverici olduğunu bildirərək, veteran prokurorluq işçilərinə göstərilən diqqət və qayğıya görə dərin minnətdarlıqlarını bildirib.

Həmçinin, Baş prokuror tərəfindən uzunmüddətli səmərəli fəaliyyətinə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizə, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində əldə etdiyi nailiyyətlərə görə Elxan Məmmədova “Prokurorluğun fəxri işçisi” döş nişanı təqdim edilib.

Görüşdə tədbir iştirakçıları xatirələrini bölüşərək səmimi söhbətlər edib və sonda xatirə şəkli çəkilib.