- 17:50 | 09.12.2024
- Hüquq-mühafizə orqanları
Dekabrın 9-da Hərbi Prokurorluqda Ümummilli Lider Heydər Əliyevin vəfatının 21-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib.
Bu barədə e-huquq.az-a Hərbi Prokurorluqdan məlumat verilib.
Əvvəlcə Hərbi Prokurorluğun inzibati binasındakı “Heydər Əliyev guşəsi”ndə, Ulu Öndərin büstü ziyarət olunub. Tədbirdən əvvəl mərasim iştirakçıları Heydər Əliyevin, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirələrini bir dəqiqəlik sükutla anıb, qazilərə şəfa diləyiblər.
Mərasimdə çıxış edən Baş prokurorun müavini - Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev Heydər Əliyevin Azərbaycan tarixindəki və beynəlxalq arenadakı rolundan, o cümlədən demokratik, hüquqi dövlət quruculuğunda, ölkəmizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində müstəsna xidmətlərindən və dünya siyasətinə verdiyi töhfələrdən ətraflı danışıb.
X.Vəliyev bildirib ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycanın parlaq gələcəyinə hesablanmış mükəmməl siyasətini yeni müstəvidə dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirən dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə son 21 il ərzində ölkəmizdə misilsiz işlər görülüb, çoxşaxəli köklü islahatlar həyata keçirilib, bütün istiqamətlərdə uğurlar əldə olunub.
Daha sonra Milli Məclisin deputatları Vasif Qafarov, Səbinə Salmanova, Tural Gəncəliyev, Nigar Məmmədova, Pərvanə Vəliyeva və digər çıxışçılar Ümummilli Lider Heydər Əliyevin şərəfli və mənalı ömür yolundan, o cümlədən zəngin və çoxşaxəli fəaliyyətindən bəhs ediblər.
Sonda Hərbi prokuror Xanlar Vəliyev bildirib ki, Vətən qarşısında müstəsna xidmətlər göstərməklə Azərbaycan xalqının Ümummilli Lideri adını qazanmış Ulu Öndər Heydər Əliyev tarixdə və azərbaycanlıların qəlbində əbədi olaraq qalacaq və nəhəng tarixi şəxsiyyət daim dərin ehtiramla anılacaq.