Məhkəmə ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən sürücü ilə bağlı qərar verəcək

Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Nizami Binnətovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanan materiallar baxılması üçün Hacıqabul Rayon Məhkəməsinə göndərilib.

Hakim Günel Əkbərlinin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Bakı-Qazax avtomobil yolunun Navahi kəndi ərazisindən keçən hissəsində Nizami Binnətov idarə etdiyi “DAF” markalı yük avtomobili ilə təkərində yaranmış nasazlıq səbəbindən yol kənarında dayanmış Orxan Həsənova məxsus “Hyundai” markalı avtomobili və həmin avtomobildən düşən sərnişin – Ağcabədi rayon sakini Nahid Səfərovu vurub. Qəza nəticəsində sərnişin hadisə yerində həyatını itirib. Sürücüyə qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə