BDU-nun tələbəsinin öldüyü qəza ilə bağlı məhkəmə başlayır

Ağstafada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Sənan Hüseynovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanan materiallar baxılması üçün Ağstafa Rayon Məhkəməsinə göndərilib.

Hakim Heyran Mürsəlovanın sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Sənan Hüseynov idarə etdiyi “VAZ 21099” markalı avtomobil Köçəsgər kəndi ərazisində asfalt yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə maşında olan sərnişinlər - 2004-cü il təvəllüdlü Mikayılov Kamal Kamandar oğlu, 2002-ci il təvəllüdlü Hüseynov Niyaməddin Nurəddin oğlu müxtəlif dərəcəli xəsarətlər alıb. Digər sərnişin 2005-ci il təvəllüdlü Məmmədov Murad Şəmistan oğlu isə almış olduğu bədən xəsarətləri nəticəsində hadisə yerində vəfat edib.  Murad Məmmədov Bakı Dövlət Universitetinin (BDU) Qazax filialının Tarix ixtisasının əyani şöbəsinin II kurs tələbəsi olub. Avtomobildə olan gənclər dost olublar.

Sürücüyə qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə