Cari ildə Bakı Kommersiya Məhkəməsinə daxil olan işlərə dair statistik məlumatlar açıqlanıb - FOTO

Bakı Apellyasiya Məhkəməsi tərəfindən Bakı Kommersiya Məhkəməsi sədrinin məlumatlarının dinlənilməsi həyata keçirilib.

E-huquq.az xəbər verir ki, ilk növbədə Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərov bildirib ki, ədalət mühakiməsinin səmərəliliyinin artırılması məqsədi ilə bir çox tədbirlərlə barabət həm də vahid məhkəmə təcrübəsinin formalaşdırılmasının, məhkəmələtin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyinin təmin edilməsi məqsədi ilə tədbirlər görülür. Bu baxımdan sədr sözügedən dinlənilmənin vacibliyini qeyd edib.

İclasda çıxış edən Bakı Kommersiya Məhkəməsinin sədri İlham Əhmədov 2023-cü ilin birinci yarımilində məhkəmənin icraatına daxil olan işlərə dair statistik məlumatları təqdim edib. Həmçinin işlərə apellyasiya qaydasında baxılmasına dair əldə olunan statistik məlumatları diqqətə çatdıraraq qeyd edib ki, Bakı Kommersiya Məhkəməsinin məhkəmə aktlarının apellyasiya qaydasında ləğv edilməsinin və dəyişdirilməsinin səbəbləri məhkəmənin hakimləri ilə birlikdə mütəmadi olaraq öyrənilərək müzakirə olunur və işlərə baxılarkən vahid məhkəmə təcrübəsini təmin etmək məqsədilə Bakı Apellyasiya Məhkəməsinin tövsiyələrinin daim diqqətdə saxlanılaraq onlara əməl edilməsi təmin edilir.

İclasda Bakı Kommersiya Məhkəməsinin hakimləri də iştirak ediblər.

Daha sonra sözügedən dinlənilmənin keçirilməsi üzrə məsul şəxs Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının sədri vəzifəsini icra edən hakim Elnur Həsənov çıxış edərək Bakı Kommersiya Məhkəməsi tərəfindən baxılmış işlər üzrə qanunvericiliyin tələblərinə əsasən riayət edildiyini, bununla belə məhkəmə aktlarının apellyasiya qaydasında dəyişdirilməsi və ləğv olunmasına əsas verən xarakterik pozuntulara da rast gəlindiyini diqqətə çatdırıb. Mülki Kollegiyanın sədri Rafael Eyvazov isə mülki-prosessual qanunvericiliyin tətbiqi ilə bağlı bəzi məqamları qeyd edib.

Sonda sədr Mübariz Əkbərov iclası yekunlaşdıraraq keçirilmiş dinləmənin vahid məhkəmə təcrübəsinin formalaşdırılması baxımından əhəmiyyətini bir daha qeyd edib və ədalət mühakiməsinin həyata keçirilməsində səslənən tövsiyələrin nəzərə alınmasını xahiş edərək, hakimlərə fəaliyyətlərində uğurlar arzulayıb.