Fərhad Abdullayev: "Vətəndaşların məhkəmələrə inamı və etimadı bilavasitə hakimlərin fəaliyyətindən asılıdır"

Dekabrın 2-də Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində hakimliyə namizədlərlə görüş təşkil edilib.


Bu barədə e-huquq.az-a Konstitusiya Məhkəməsindən məlumat verilib.

Tədbir iştirakçılarını salamlayan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyasının ölkəmizin gələcəyini, hüquqi inkişaf strategiyasının əsas prioritetlərini müəyyən etdiyini vurğulayaraq, hüquq sisteminin mahiyyətini müəyyənləşdirən mütərəqqi qanunların qəbul olunması və dünyəvi, hüquqi dövlətin qurulmasında Əsas Qanunun roluna toxundu.

Sədr vurğuladı ki, 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabr ayının 19-20 tarixlərində keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində əldə olunan Qələbə sayəsində dövlətimizin Əsas Qanununun hüquqi qüvvəsi işğaldan azad edilmiş bütün torpaqlarımızda bərpa olundu.

Fərhad Abdullayev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş məhkəmə-hüquq islahatlarının əsas təyinatı məhkəmə sisteminin müasirləşdirilməsi vasitəsilə ölkəmizdə qanunun aliliyinin təmin olunması məqsədi daşıyır. Dövlət Başçısının məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısı kimi hakimlərin müstəqil olaraq qanuna uyğun ədalətli və əsaslandırılmış qərarlar qəbul etməsi və şəffaflıq əsasında fəaliyyət göstərməsinə daim diqqət yetirməsi qeyd olunub.

Diqqətə çatdırıldı ki, ədalət mühakiməsinin səmərəliliyi, vətəndaşların məhkəmələrə inamı və etimadı bilavasitə hakimlərin fəaliyyətindən asılıdır. Sədr hakimlərin yüksək nəzəri bilik və peşə hazırlığı ilə yanaşı, ədalət, qanunçuluq, qərəzsizlik və ədalət mühakiməsinin digər prinsiplərinə dönmədən əməl olunması ilə bağlı tövsiyələrini qeyd etmiş, hər hansı qərar qəbul edərkən qanunun tələbləri və vicdan kimi insani keyfiyyətlərin rəhbər tutulmasının vacibliyini gənc hüquqşünasların diqqətinə çatdıraraq, onlara gələcək hakim peşəsində uğurlar arzulamışdır.

Daha sonra Konstitusiya Məhkəməsinin fəaliyyəti barədə gələcək hakimlərə ətraflı məlumat verilmiş, məhkəmə tərəfindən qəbul edilən qərarlarda əks olunmuş hüquqi mövqelər və yanaşmalarla bağlı bir sıra məsələlərə toxunulmuşdur.

Görüşün sonunda hakimliyə namizədlər məhkəmə binası ilə tanış oldular.