- 10:29 | 29.11.2024
- Məhkəmə
Kütləvi dava nəticəsində həbs edilən qardaşların - Fərhad Abdullayev və Həsən Abdullayevin növbəti məhkəmə prosesi keçirilib.
E-huquq.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məlum olub ki zərərçəkmişlər Gülverdiyev İlqar və Gülhəsən qardaşları rəsmi olaraq ərizə veriblər ki, təqsirləndirilən şəxslərlə barışıblar, onlardan heç bir şikayətləri yoxdur.
Dövlət ittihamçısı Valeh Ələkbərov Həsən Abdullayevin Cinayət Məcəlləsinin 126.2.2, 126.2.4 və 221.3-cü maddələri ilə 9 il 6 ay, Fərhad Abdullayevin isə 221.3-cü maddə ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Sonra təqsirləndirilən şəxslərin vəkili Mirzə Həsənov müdafiə nitqi ilə çıxış edib: "Həsən qardaşının bıçaqlandığını gördükdən sonra bıçağa əl atıb. Özləri gedib polisə könüllü təslim olublar. Məhkəmədən Həsənə Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin, Fərhada isə 221.3-cü maddəsinin tətbiq olunmasını və yüngül cəza verilməsini xahiş edirəm. Eyni zamanda Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla şərti cəza verilməsini xahiş edirəm".
Təqsirləndirilən şəxs Həsən Abdullayev son söz nitqi ilə çıxış edərək hakimdən ona şərti cəza verilməsini xahiş edib. Fərhad Abdullayev isə son sözə hazır olmadığını bildirib.
Məhkəmə bu səbəbdən dekabr ayının 2-nə kimi təxirə salındı.
Onu da bildirək ki, hər iki təqsirləndirilən şəxs barəsində həbslə olmayan qətimkan tədbiri seçilib.
Xatırladaq ki, bıçaqlanma hadisəsi bu ilin əvvəlində Binəqədi rayonu ərazisində qeydə alınıb.
Orxan Rasifoğlu