- 16:11 | 26.11.2024
- Digər
Bakı Dövlət Universitetinin ( BDU) Hüquq fakültəsinin dekanı Zaur Əliyev noyabrın 26-da BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) könüllü qismində iştirak etmiş tələbələrlə görüşüb.
E-huquq.az xəbər verir ki, tələbələr qarşısında çıxış edən dekan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gərgin əməyi və səyləri nəticəsində COP29-un yüksək səviyyədə keçirildiyini, böyük uğurla başa çatdığını və BMT tarixində ən möhtəşəm beynəlxalq forumlardan biri kimi yadda qaldığını qeyd edib.
Fakültə dekanı 80 dövlət və hökumət başçısının, qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçının qatıldığı COP29-un Azərbaycanın növbəti qələbəsi və uğuru olduğunu tələbələrin diqqətinə çatdırıb.
Sonra COP29-da iştirak edən tələbələr könüllülük və iş təcrübələri ilə bağlı təəssüratlarını bölüşdülər. Onlar konfrans zamanı öz vəzifələrindən, beynəlxalq nümayəndə heyətləri ilə qarşılıqlı əlaqələrindən və tədbir zamanı əldə etdikləri yeni bacarıqlardan bəhs etdilər. Bu cür mötəbər tədbirin tələbələrin peşəkar və fərdi inkişafı üçün əhəmiyyəti xüsusilə vurğulandı.
Qeyd edək ki, ümumilikdə COP29-da Hüquq fakültəsindən 37 tələbə, o cümlədən 35 könüllü və 2 tələbə isə ştat işçisi qismində iştirak edib.