- 15:46 | 26.11.2024
- Məhkəmə
"Cansız təbiəti öyrənməyi buraxıb, insanın yaxşının nə olduğunu bildiyi halda, pis əməl törətməsinin səbəbini anlamağa çalışacağam"
Sokrat
“Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı məhz yerli səviyyədə uşaqları müdafiə sistemini gücləndiməklə, ölkə üzrə uşaqları müdafiə mexanizminin təkmilləşdirilməsi və genişləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Bundan başqa 27 dekabr 2011-ci ildə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nda da yetkinlik yaşına çatmayanların baxımsızlığı ilə mübarizə və sosial reabilitasiyası sahəsində qeyri-hökumət təşkilatları və beynəlxalq təşkilatlarla mütəmadi əməkdaşlıq edilməsi nəzərdə tutulmuşdur. Bu sahədə qəbul edilən qanunvericilik və əsaslı proqramlar özündə dövlət tərəfindən yetkinlik yaşına çatmayanlara göstərilən böyük qayğı və diqqətin bariz nümunəsi olmaqla onların daim müdafiə edilməsinin, onlara qarşı həssas münasibətin göstəricisidir.
Təəssüf hissi ilə qeyd etməliyik ki, bəzi hallarda bütün qayğı və müdafiəyə baxmayaraq, cəmiyyətin həssas qrupu sayılan yetkinlik yaşına çatmayanlar belə cinayət törətməkdən çəkinmir.
Cinayət qanunvericiliyinə görə yetkinlik yaşına çatmayanlar cinayət törədərkən 14 yaşı tamam (bəzi cinayətlər), lakin 18 yaşına çatmamış şəxslərdir. Cinayətlər şəxsin yaşına uyğun olaraq da fərqli qaydada qruplaşdırılır. Belə ki, müəyyən qrup cinayətlərin subyekti artıq 14 yaşı tamam olmuş şəxs olduğu halda, ümumi cinayət məsuliyyəti yaradan yaş həddi kimi 16 yaş müəyyən edilir. Bu yaş həddinin beynəlxalq və milli qanunvericilikdə əsas götürülməsi təbii ki, təsadüfi deyil. Məhz 14-16 yaşında şəxslər öz hərəkətlərini anlaya biləcək qədər əqli və iradi inkişaf dərəcəsinə çatmış olmaqla yanaşı, həmin əməllərin ictimai təhlükəliliyini qiymətləndirməklə hərəkətlərinə nəzarət etməyə qadirdilər.
Yetkinlik yaşına çatmamış cinayət prosesi iştirakçısının cinayət-prosessual fəaliyyət qabiliyyətini cinayət prosesini həyata keçirən orqan müvafiq hüdudlarda tanıyır. Belə ki, 14 yaşdan 18 yaşadək olan şübhəli və ya təqsirləndirilən şəxs, yaxud mülki cavabdeh məhdud fəaliyyət qabiliyyətli olduğundan həmin şəxslərin cinayət prosesinin iştirakçıları qismində öz hüquqlarını müstəqil həyata keçirmək imkanları Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda onların qanuni nümayəndələrinin razılığı ilə məhdudlaşdırılır.
Törədilən cinayət üzrə müəyyən edilməli olan hallardan başqa yetkinlik yaşına çatmayanlar barəsində icraat zamanı yetkinlik yaşına çatmayanın həyat və tərbiyə şəraiti, yetkinlik yaşına çatmayanın fiziki intellektual və əqli inkişaf səviyyəsi kimi hallar müəyyən edilməlidir. Təsadüfi deyil ki, yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmələr həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır, o cümlədən cəza təyin edilərkən yetkinlik yaşına çatmama cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır.
Təbii ki, cəmiyyət inkişaf naminə gələcəyə addım atmalıdır, bu addımlar isə sağlam və güclü gənc nəsillə mümkündür. Gənc nəslin möhkəm iradəli və tam sağlam ruhlu olması naminə onun mövcudluğuna xələl gətirən mənfi təsirlərdən qorunması və təmizlənməsi üçün bu təsirləri müəyyən etmək, araşdırıb öyrənmək çox vacibdir.
Hazırda tədqiqatımızın obyekti olan yetkinlik yaşına çatmayanların arasında cinayətkarlığın yaranma səbəblərini ayrı-ayrılıqda araşdırmağı məqsədəmüvafiq hesab edirik.
Həmçinin, araşdırma zamanı yetkinlik yaşına çatmayan xüsusilə həssas və kənar təsirə məruz qalma ehtimalı yüksək olan qrupun özünəməxsus fərdi xüsusiyyətlərinin də nəzərə alınması vacib hesab edilməlidir.
İlk öncə cinayətkarlığa yol açan, yaranması üçün münbit şərait yaradan aşağıdakı ən mühüm səbəbləri diqqətə çatdırmaq istərdik.
Cinayətkar insandır və həmin insan cəmiyyət daxilində yetişir, formalaşır, inkişaf edir, cəmiyyətin bir hissəsi kimi ondan qidalanır. Cəmiyyətin isə əsası, özülü ailədir. Məhz ailə şəxsiyyətin formalaşmasına intensiv təsir göstərən ünsürdür. Bu da ailə tərbiyəsində olan yanlışlığın şəxsin gələcəkdə mənfi istiqamətə yönəlməsinə ilkin səbəbin olmasını deməyə əsas verir. Təbii ki, spirtli içkilər qəbul edən, əvvəllər cinayət törətmiş valideynlərin və onların qeyri-əxlaqi əməllərinin ailədə böyüyən uşağın tərbiyəsinə necə güclü təsir etməsini heç kim dana bilməz. Əlbəttə, bu göstərici də bütün cinayətkarların belə ailələrdən çıxmasına dəlalət etmir. Cinayətkarların çox hissəsi olmasa da, müəyyən faizi normal münasibətlərin qurulduğu, ziyalı ailəsindən çıxırlar. Lakin bu “normal münasibətlər”in də bəzən kənardan belə görünüş yaratma ehtimalını nəzərə alsaq, onların araşdırılmasının nə qədər böyük əhəmiyyətə malik olmasını görə bilərik. Həmçinin artıq qeyd etdiyimiz kimi, cəmiyyətin bir hissəsi olan ailə özü də onun təsirindən yan keçə bilməz. Bir çox yeniyetmə cinayətkarların, onların valideynlərinin dünyagörüşünün, mədəni səviyyəsinin və savadının çox aşağı səviyyədə olması özlüyündə yetkinlik yaşına çatmayanlar arasında cinayətkarlığın səbəbini araşdırdığımız zamanı nəzərə çarpır.
Ailənin mənfi təsiri – mübahisəsiz ki, ailə tərbiyəsində mövcud çatışmamazlıqlar konkret yeniyetmələrin cinayətkar yola yönəldilməsinə səbəb ola bilir. Çünki hər uşağın müsbət “Mən”inin inkişafı üçün labüd sayılan şəxsi ləyaqət hissi, qürur kimi bünövrələrin formalaşması böyüdüyü ailədəki həyat şəraitindən, tərbiyədən asılıdır. Ailə yeniyetmənin şəxsiyyət kimi ilkin formalaşmasına təsir göstərir, bu isə öz növbəsində fərdin cəmiyyət daxilində şəxsi münasibətlərinin qurulmasına xidmət edir.
Tərbiyə - şəxsiyyətin inkişafı naminə onu formalaşdıran məqsədyönlü və mürəkkəb bir prosesdir. Ailə təlim-tərbiyənin ən önəmli və ənənəvi mənbəyi, bünövrəsidir. Heç bir başqa tərbiyəvi xarakter daşıyan institutlar ailə ilə müqayisə oluna bilməz. Necə olmasından asılı olmayaraq məhz ailədə şəxsiyyətin təməli qoyulur, yaşama prinsipləri, uşaqda ilkin özünü aparmaq qaydaları, özünə və digər insanlara hiss və münasibətlər formalaşır. Unutmaq olmaz ki, məhz ailə və valideynlər - uşağın ilk dünyası, ilk ortamı, ilk cəmiyyətidir. İnsanın harada olmasından, yaşından, ətrafında milyonların olmasından asılı olmayaraq doğulub böyüdüyü ailə ilə olan bağları bunu özünün dərk edib-etməməsindən asılı olmayaraq heç vaxt itmir.
Böyük təəssüf hissi ilə qeyd etməliyik ki, bir çox yeniyetmələr arasında cinayət törədilməsi hallarında valideyn və ya ailənin digər böyük üzvlərinin qeyri-qanuni hərəkətlərinin birbaşa mənfi təsirinin mövcud olması müəyyən edilir: böyüklərin alkoqol və narkotik vasitələrdən sui-istifadə etməsi, kobud və qəddar davranış, düzgün olmayan həyat tərzi, qeyri-qanuni gəlir əldə etmə və sair.
Qeyri-mədəni və aşağı səviyyəli savad məhfumu bu tip ailələrdə valideynlərin qanundankənar fəaliyyəti ilə yanaşı sonuncuların da öz övladlarını düzgün tərbiyə etməməsi ilə nəticələnə bilir. Təsadüfi deyil ki, cinayət qanunvericiliyi də öz növbəsində ailə və digər himayəçi institutuna yüksək dəyər verməklə yetkinlik yaşına çatmayanın üzərində mümkün ola biləcək təsir imkanından irəli gələrək yetkinlik yaşına çatmamış şəxs məhkum olunarkən onun qanuni nümayəndələrinin bu şəxsin davranışına zəruri nəzarət həyata keçirilmədiyindən cinayətin törədilməsi sübuta yetirildiyi təqdirdə məhkəmə məsrəflərinin ödənilməsinin onların üzərinə qoyula bilməsini də nəzərdə tutmuşdur.
Göstərilənlərə əsaslanaraq qanundankənar davranışdan çəkindirmənin ilk mərhələsi kimi uşaq və valideynlərlə qarşılıqlı şəkildə profilaktik tərbiyəvi tədbirlərin həyata keçirilməsini qeyd etmək olar. Xüsusən də təhsildən, savadlanmadan kənar qalan gənc ailələrin maarifləndirilməsi böyük əhəmiyyət daşıya bilər. Maarifləndirmə işləri düzgün təlim-tərbiyə verilməsi ilə yanaşı, ailə daxili münasibətlər, məişət zorakılığının qarşısının alınması, o cümlədən də hüquqyönümlü maarifləndirmə məzmunlu olması çox əhəmiyyətverici ola bilər.
Yeniyetməni əhatə edən mühitin, onun ətrafının mənfi təsiri – bu onun yaşadığı, təhsil aldığı məişət, tədris, istehsalat və sair mühit ola bilər. Ətrafın təsiri təbii ki, daha böyük və önəmlidir. Yeniyetmə konkret mühitə düşdükdə, asudə vaxt keçirmə və ümumi maraqları bölüşmək naminə müəyyən qrupa qoşulmaq, qrupda fərqlənmək, liderliyə malik olanlara özünü nümayiş etdirmək, onlar kimi olmaq, onları təlqin etmək, öz mövqeyini sərgiləmək, liderliyi əldə etmək kimi təbii istəklərə malik olur. Sadalanan səbəblərdən irəli gələrək söyləyə bilərik ki, bir çox hallarda yeniyetmələrin məhz ətrafın təsiri altında cinayət törətmələri aşkar olunur.
Göründüyü kimi hələ bir şəxsiyyət kimi sosiallaşmamış, natamam olan, yəni formalaşma prosesini tam şəkildə bitirməmiş bir fərdə onun ətrafının yaxşı təsiri olmaqla, mənfi təsirinin də mövcudluğu mübahisəsizdir.
Azərbaycanın hüquq elmləri doktoru, professor Firudin Səməndərov 2007-ci ildə nəşr edilən “Cinayət hüququ” (ümumi hissə) kitabında yetkinlik yaşına çatmayan şəxslərin cinayət törətmələri və onlara təyin edilmiş cəza barədə yazarkən bu kateqoriya şəxsləri təsvir edərək onların cəmiyyətə və onun dəyərlərinə münasibətini, sosial mühitə uyuşmağa hazır olmaq, mikromühitin neqativ təsirinə qarşı durmaq, öz davranışına rəhbərlik etmək qabiliyyətinə malik olmaq, həmçinin yetkinlik yaşına çatmayanın yaşla bağlı – təlqin etməyə meyillilik, təsir altına düşmə yönəlişinə malik olma, tez təsirlənmə (impulsivlik), xəyalpərəstlik və s. xüsusiyyətləri göstərmişdir.
Yetkinlik yaşına çatmayanlar arasında olan cinayətkarlığın bəzən iştirakçılıq formasında inkişaf etməsi faktoru da danılmazdır. Bunun da səbəbi kimi məktəbdə, yaşadığı ərazidə və s. asanlıqla yarana bilən kriminogen əlaqələrdir. Yeniyetmələr çox vaxt birliyə can atır, belə ki, birlikdə vaxt keçirmək, spirtli içkilər və digər mənfi vərdişlərlə məşğul olmaq, hətta cinayət törətmək belə onlara daha maraqlı görünür. Onların yaratmış olduğu bu birlikdə hər bir gəncin aktivliyi, özünə və öz gücünə inamı artmış olur.
Təhsildən kənar qalmaq, savadsızlıq və uzun müddət məşğuliyyətsiz, nəzarətsiz qalmaq – zəif iradəli, həssas yaş qrupunda olan bu şəxsləri bir daha cinayətkar aləm ilə çox təhlükəli bir qarşılaşma durumunda qoya bilir. Cəmiyyət daxilində öz gələcək istiqamətini hələ formalaşdırmayan bir fərdin təkamül yaşadığı, ətrafı öz əqli dərki ilə qavramağa başladığı dönəmdə yoluna qanundankənar fəaliyyət sahibinin çıxması, ona göstərəcəyi mənfi təsirin həcmindən asılı olmadan yarada biləcəyi təhlükənin reallığını görmək o qədər də çətin deyil. Məhz bu səbəbdən də sözügedən yaş qrupunda olanların təhsilinin, təhsildən kənar fəaliyyətinin, məşğulluq və asudə vaxt, o cümlədən də əyləncə, istirahətinin məqsədəmüvafiq səviyyədə təşkili çox vacibdir. Çünki müasir dövrümüzdə yeniyetmələrimizin getdikcə artan mənfi informasiyanın da təsirinə düşməsinin şahidi ola bilərik.
Hər bir uşağa fərdi yanaşma, onda özünüdərk, özünəarxayınlıq, özinkişaf, özünə nəzarət kimi vərdişlərin yaranması - gələcəkdə törədəcəyi qanundankənar davranışına görə yarana biləcək mənfi nəticələri, bununla əlaqədar nəzərdə tutulmuş məsuliyyəti dərk etməsi ilə tamamlana bilər.
Araşdırmamız zamanı qarşımıza çıxan maraqlı mülahizələr bəzi rusiyalı hüquqşünas alimlərə məxsus olmuşdur. Belə ki, onların bir çoxlarının fikrincə cinayətin subyekti kimi yetkinlik yaşına çatmayanlara qanunvericiliklə hədsiz humanist mövqeyin sərgilənməsi, həmçinin bir çox cinayət əməllərinə görə onların real cəzasız qalmaları da təkrar cinayətlərin törədilməsi ilə yanaşı, onların öz əməllərinin yarada biləcəyi məsuliyyətə münasibətdə arxayınlıq hissinin yaranması ilə də nəticələnir.
Həmçinin Rus kriminalistləri uşaq cinayətkarlığının 30 faizinin əsas səbəbi kimi məhz böyüklərin təhrikedici əməllərinin olmasını bildirirlər. Yetkinlik yaşına çatmayanları cinayət fəaliyyətinə cəlb etmək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 170-ci maddəsi ilə cinayət hesab edilən və əməlin obyektiv cəhətlərinin ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq az ağır və ağır kateqoriyalı cinayətə aid edilir.
Artıq qeyd olunduğu kimi, yeniyetmələrə ailədə, təhsil müəssisələrində, məktəbdə lazımi diqqətin ayrılmaması onların hələ insan, cəmiyyət barəsində yaranmaqda olan düşüncələrinin arzuolunmaz istiqamətə yönəlməsinə gətirib çıxarır. Valideyn və ya tərbiyəçi (müəllim) bilməlidir ki, məhz şəxsiyyətin yetkinlik yaşınadək yaşadığı dövr kənar təsirlərə ən çox məruz qaldığı və bu kənar təsirlərdən ən çox bəhrələndiyi bir dövrdür. Məhz bu dövrdə onun lazımi, düzgün istiqamətə yönəldilməsi, onun gələcəyinin doğru formalaşması sahəsində valideyn və ya tərbiyəçinin niyyəti daha tez və asanlıqla həyata keçə bilər. Lakin bunu həyata keçirən zaman da yetkinlik yaşına çatmamış şəxsin emosiyasının, hisslərinin daha çılğın olmasının, hər şeyə kəskin reaksiya verməsinin nəzərə alınması vacibdir.
Təbii ki, yeniyetmələr arasında cinayətkarlıq ətraflı təhlil tələb etməklə bərabər, hər bir yeniyetməyə fərdi yanaşma həyata keçirilməsi, onun şəxsi keyfiyyətlərinin də düzgün qiymətləndirilməsi şərti ilə aparılmalıdır. Xüsusilə uşaqların yaşadığı, böyüdüyü ailə ortamının düzgün və müsbət istiqamətdə formalaşması, təkmilləşməsi və müasir zamanla bərabər, xalqın yüksək dəyərli ənənələrə sadiq qalmaqla, dövlətin də bu yönümlü siyasətinə uyğunlaşması çox mühüm əhəmiyyətə malikdir.
Ailəni, ailə münasibətlərini son dərəcə yüksək dəyərləndirən Ulu Öndər Heydər Əliyev hesab edirdi ki, cəmiyyətdəki qarşılıqlı münasibətlərdə olduğu kimi, ailədə də hər bir insan özünəməxsus statusa, qayda-qanuna, əlaqələrə və prinsiplərə riayət etməlidir. Hər bir ailə üzvü öhdəsinə düşən funksiyaları yerinə yetirməli, ailənin rifahı üçün bacardığını etməli, ailə üzvlərinə hörmət və qayğı göstərməli, ailənin sevincini və kədərini birgə yaşamalı, bu sahədə mövcud olan ümumi ənənə və qaydalara sadiq olmalıdır. Çünki ailə olmasa, cəmiyyət də inkişaf edə bilməz. Cəmiyyətin inkişafı ailələrin inkişafından asılıdır. Ailə İnstitutunun möhkəmliyi cəmiyyətin və dövlətin güclənməsinə, inkişaf etməsinə zəmin yaradır. 90-cı illərdə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə ailənin möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində Azərbaycan mühüm beynəlxalq Konvensiyalara qoşulmuş və respublikamızda müvafiq qanunlar qəbul edilmişdir.
Hesab edirik ki, cəmiyyətin üzvü kimi hər birimiz bu prosesdə iştirak etməli, gələcəyimizə biganə qalmamalıyıq. Çünki zamanında atılan ən kiçik, lakin lazımlı, məqsədyönlü addımlar gələcəkdə baş verə biləcək ən böyük təhlükələrdən qorumağa qadirdir.
Səidə Məmmədova
Binəqədi Rayon Məhkəməsinin hakimi