"Psixi problemlərim var idi" - Anasını öldürməkdə ittiham olunan şəxsin məhkəməsi


Bakıda anasını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən təqsirləndirilən Kamran Şükürzadənin cinayət işi üzrə məhkəməsi başlayıb. 

E-huquq.az-ın verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Anar Sadıqovun sədrliyi ilə keçirilən hazırlıq prosesində təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. 

Məlum olub ki, K.Şükürzadə epilepsiya xəstəsidir. O, ailəsindən boşanıb və himayəsində 2 azyaşlı övladı var.

Cinayət işində zərərçəkənin hüquqi varisi qismində təqsirləndirilən şəxsin bacısı Aytəkin Həsənova tanınıb. 

İttiham aktına görə, Kamranın psixi problemləri olub. Ailəsindən boşandıqdan sonra anası ilə qalan Kamran tez-tez onunla mübahisə edirmiş. Cinayət hadisəsi də elə bu mübahisə olan zaman baş verib. 

Hakim Anar Sadıqov müşavirədən qayıtdıqdan sonra cinayət işinin baxışa verilməsi və təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin dəyişdirilməməsi barədə qərar qəbul edib. 

Məhkəmə prosesinin ilkin baxış iclası noyabr ayının 27-nə təyin edilib. 

Xatırladaq ki, bu il iyulun 20-də saat 07 radələrində Qaradağ rayonu Ümid qəsəbəsi ərazisində 1967-ci il təvəllüdlü Aybəniz Şükürovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.  Araşdırmalarla 1991-ci il təvəllüdlü Kamran Şükürzadənin şəxsi münasibətlər zəminində anası Aybəniz Şükürovanı bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Hadisədən sonra könüllü olaraq polisə təslim olan Kamran Şükürzadə hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulub.  Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Orxan Rasifoğlu