"Dedilər o pulu Mətləb bəyə verməlisən" - Mənimsəmədə təqsirləndirilən direktorun məhkəməsi

Emal Sənayesi üzrə Bakı Peşə Təhsil Mərkəzinin sabiq direktoru Mətləb Hüseynov və baş mühasibi Aynaxanım Babayevanın məhkəməsinin növbəti prosesi keçirilib.

E-huquq.az-ın verdiyi, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə veriblər.

Şahid Namiq Salayev bildirib ki, həmin müəssisədə təsərrüfat işçisi kimi işləyib. Onun kartına dəfələrlə artıq məbləğdə köçürülmələr olub: "Təqribi 2020-2022-ci illərdə təsərrüfat işçisi vəzifəsində çalışdığım zaman Aynaxanım Babayeva kartıma əlavə məbləğin köçürüldüyünü söylədi. Bildirdi ki, onu çıxarıb Mətləb bəyə verməliyəm. Mən də əməl etdim. Rəhbərliyin istəyi olub deyə sorğulamadım. Ümumiyyətlə məni daxildə gedən proseslər maraqlandırmırdı".

O, əlavə edib ki, təsərrüfat işlərinə edilən xərcləri öz cibindən qarşılayıb: "Mən 480 manat maaş alırdım və bunun təqribi dörddə biri bu işlərə gedirdi. Amma əlavə gələn pula toxunmamışam. Çünki rəhbərlik belə göstəriş vermişdi".

N.Salayev ittihamda qeyd olunan və işə gəlmədən adlarına maaş yazılan şəxlərdən sadəcə birini tanıdığını, digərilərini tanımadığını və davamiyyəti rəhbərlik istədiyi üçün imzaladığını da əlavə edib. O deyib ki, qeyd olunan tərzdə maaş alan sadəcə bir nəfəri tanıyır: "Mən sadəcə Mehriban xanımı tanıyıram. O, mənim dostumun həyat yoldaşıdır. Müdriyyət işçi istədiyində məsləhət görmüşdüm. Digər proseslərdən xəbərim olmayıb".

Məhkəməyə şahid qismində dəvət olunmuş Asif Bayramov Emal Sənayesi üzrə Bakı Peşə Təhsil Mərkəzində direktor müavini vəzifəsində çalışıb. O, ifadəsində qeyd edib ki, iş kartına köçürülmüş mükafat məbləğlərini Mətləb Hüseynova çatdırması üçün Aynaxanım Babayevaya verib: "Mənim kart hesabıma köçürülən mükafat məbləğini Mətləb bəy Aynaxanıma verməyimi söylədi. Mən də səbəbini soruşudqda dedi ki, bu pulla qurumun xeyrinə işlər görüləcək və tədbirlər təşkil olunacaq. Mən də işimiz yaxşı getsin deyə pulu verməyə razılaşdım. Aynaxanım Babayevaya vəsaiti təqdim etdikdə onun 100 manatını özümdə saxlamağımı bildirdi". 

O, əlavə edib ki, korrupsiya araşdırmaları başlamadan bir müddət öncə pulu həmin müəssisədə mütəxəssis vəzifəsində çalışmış başqa xanıma da verib.

Məhkəmə prosesi 28 noyabr tarixinədək təxirə salınıb.

Qeyd edək ki, Mətləb Hüseynov Aynaxanım Babayeva ilə əlbir olaraq işçilərin bank hesabına əlavə pulllar köçürüb, sonradan həmin 175 min 365 manatı nağdlaşdıraraq mənimsəməkdə ittiham olunurlar.
Onlar barəsində cinayət işi Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılıb.

Hər iki şəxsə qarşı Cinayət Məcəllsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb, təqsirləndirilən şəxslər barəsində ibtidai istintaq müddətində "başqa yerə getməmək qətimkan tədbiri" seçilib.

Cinayət işində zərərçəkmiş qismində Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi tanınıb.

Orxan Rasifoğlu