Bacısını boğaraq qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başladı


Binəqədi rayonunda bacısını qətlə yetirməkdə ittiham olunan Təbriz Qasımovun məhkəməsinin hazırlıq iclası keçirilib.

E-hüququ.az-ın verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.

Dövlət ittihamçısı işin məhkəmə baxışına verilməsini istəyib.

Məhkəmə baxışı 18 noyabr tarixinə təyin edilib.

Qeyd edək ki, hadisə iyulun 1-də Bakının Binəqədi rayonunun Rəsulzadə qəsəbəsində baş verib. Belə ki, 1997-ci il təvəllüdlü Təbriz Qasımovun şəxsi münasibətlər zəminində bacısı 2004-cü il təvəllüdlü Təhminə Qasımovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda cinayət işi başlanılıb. Təbriz Qasımov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddələri ilə təqsirləndirilib. Hadisədən sonra könüllü olaraq polisə təslim olan T.Qasımov barəsində həbs-qətimkan tədbiri seçilib.

Orxan Rasifoğlu