- 06 noyabr 16:53
- Məhkəmə
Bakıda qeyri-rəsmi ər-arvad kimi yaşadığı qadının 9 yaşlı uşağını işgəncə ilə öldürməkdə təqsirləndirilən Yaşar Abbasovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
E-huquq.az-ın məlumatıa görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə şahid dindirilib.
Şahid qimində Abdulla Şükürlü ifadə verib: "Gecə saat 3-də zərərçəkmiş İpək evə uşaqla gəldi, dedi qəzaya düşmüşəm. Soruşdum ki, Yaşar hardadır? Dedi ki, o xəstəxanada reanimasiyadadır. Gecə ana-bala yatdılar. Səhər saat 11-də mən getdim mağazaya. Qayıdanda gördük ki, uşaq keçinib. Dedi ki, uşağı aparıb dəfn edək, dedim yox. Dedi ki, uşağı Yaşar öldürüb. Onda dedi ki, gedək bankomatdan pul çıxardaq. Sonra uşağı apardı xəstəxanaya. Yaşara gəldikdə isə, o uşağı yedizdirən adam olub, ona hər şey alırdı. Anası isə uşağı aradabir döyürdü".
Zərərçəkən İpək Əsgərova şahidin yalan danışdığını bildirdi: "Yaşar uşagı evində döyüb. Yaşarın dostu İlqar da orda idi. Hətta dedi ki, Yaşar məni də döyüb. Yaşar Eldənizə deyib ki, mən guya qəzaya düşmüşəm".
Şahid Asim Hüseynovun sözlərinə görə təqsirləndirilən şəxs öz övladına göstərmədiyi münasibəti həmin uşağa göstərib: "Anası deyib ki, uşaq ayaqyoluna gedə bilmir, onun üçün əlil arabası alınmalıdır. Yığışıb həmin arabanı almışıq. Hətta uşaq özünü batırıb, Yaşar onu yuyub. Yaşar uşağa qayğı göstərirdi. İpəyi də Ehtiram və Abdullagildə görmüşük. Ev pulunu ödəyə bilmirdi, müvəqqəti Abdullagildə qalırdı. Mirələmin ölüm xəbərini də dostlardan eşitdim. Yaşarla idmançı olmuşuq, məşqlərdə bir yerdə olmuşuq, çoxdan tanımışam".
Qeyd edək ki, ittiham aktına görə, Yaşar Abbasov qeyri-rəsmi yaşadığı İpək Əhmədovanı döyüb, azyaşlı 9 yaşlı uşağa işgəncə verməklə Əhmədzadə Mirəli Seyidvəli oğlunu isə qəsdən öldürüb.
Xatırladaq ki, zərərçəkən İpək Əhmədova narkotik vasitələrin qanunsuz istifadəsi maddəsi ilə həbs edilib.
Yaşar Abbasova qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 133.2.4-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı əzab vermə) maddələri ilə ittiham irəli sürülüb.
Orxan Rasifoğlu