"Ali Məhkəmənin bu qərarı hüquq ictimaiyyəti üçün mühüm əhəmiyyət kəsb edir"

"Azərbaycan Respublikasının Ali Məhkəməsi, iş adamı X9 haqqında mühüm bir qərar qəbul edib. Vergi ödəmələrindən yayınma ittihamı ilə üzləşən X9, Cinayət Məcəlləsinin 213.1-ci maddəsi üzrə təqsirli bilinib və ilkin məhkəmə instansiyasında məhkum edilib. Lakin apellyasiya instansiyası bu hökmü ləğv edib və iş adamına bəraət verib. Prokurorluq və vergi orqanları bu qərarla razılaşmamış və kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. Onlar iddia edib ki, X9 vergi ödəmələrindən yayınmaqla dövlət büdcəsinə zərər vurub və məhkum olunmalıdır".

E-huquq.az xəbər verir ki, bunu vəkil Pərviz Məmmədov deyib.

O bildirib ki, Ali Məhkəmə işin bütün materiallarını və tərəflərin dəlillərini diqqətlə araşdırıb: "Məhkəmə qeyd edib ki, vergi qanunvericiliyinin pozulması faktları tam sübuta yetirilməyib. Ekspert rəyləri və təqdim olunan sənədlər arasında uyğunsuzluqlar mövcud olub. Xüsusilə, vergi məbləğinin hesablanması ilə bağlı müxtəlif rəqəmlər ortaya çıxıb və bu da təqsirləndirilən şəxsin təqsirini şübhə altına alıb. Məhkəmə, həmçinin vurğulayıb ki, cinayət təqibi zamanı bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə şərh edilməlidir. Təqsirsizlik prezumpsiyası prinsipinə əsasən, şəxs yalnız təqsiri qanuni şəkildə sübuta yetirildikdə məhkum edilə bilər. Nəticə etibarilə, Ali Məhkəmə kassasiya şikayətlərini təmin etməyib və apellyasiya məhkəməsinin bəraət hökmünü qüvvədə saxlayıb. Bu qərarla, iş adamı X9 tam bəraət almış və ona qarşı irəli sürülmüş ittihamlar rədd edilib".

Vəkilin sözlərinə görə, bu qərar hüquq ictimaiyyəti üçün mühüm əhəmiyyət kəsb edir və hüquq mühafizə orqanları və məhkəmələr arasında səmərəli əməkdaşlıq və qanunvericiliyin düzgün tətbiqi gələcəkdə oxşar halların qarşısının alınmasına kömək edəcək: "Bu iş bir daha göstərir ki, hər bir şəxsin ədalətli məhkəmə araşdırması və təqsirsizlik prezumpsiyası hüququnun təmin edilməsinin nə qədər böyük önəmi vardır. Məhkəmələr isə qanunun aliliyini təmin etmək üçün obyektiv və qərəzsiz şəkildə fəaliyyət göstərməlidir".

Şəbnəm Mehdizadə