- 16:15 | 05.11.2024
- Məhkəmə
Bakıda tanışını öldürməyə cəhddə təqsirləndirilən Bəhrəm İbayevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
E-huquq.az-ın əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə şahidlər dindirilib.
Şahid qismində ifadə verən Şövkət Axundova bildirib ki, təqsirləndirilən şəxsi tanımasa da, zərərçəkmiş şəxsi tanıyır: "Mətbəxdə işləyirdim. Çöldə səs-küy eşitdik. Qorxduğumuzdan ora getmədik. Bizdə işləyən Rəhimə adlı ofisiant dedi ki, dava var. Mən Natiqin zalda divanda qan içində oturduğunun şahidi oldum. Təqsirləndirilən şəxsi hadisə yerində görməmişəm. Daha sonra biz oranı yığışdırıb, yaralını təcili yardıma göndərdik".
Daha sonra məhkəmə hadisənin birbaşa şahidlərinin məhkəməyə məcburi gətirilməsi ilə bağlı qərar qəbul edib.
Məhkəmənin növbəti iclası noyabrın 26-na təyin edilib.
Qeyd edək ki, istintaqla müəyyən edilib ki, Bəhrəm İbayev ötən ilin aprelində tanışı Natiq Hüseynovun ona hansı səbəbə görə yanından keçən zaman görüb salam verməməsinə dair irad bildirib. Daha sonra tərəflər görüşüb bu məzmunda aralarında yaranmış anlaşılmazlığa aydınlıq gətiriblər. Lakin sonradan Bəhrəm İbayev qohumunun rəhmətə getməsi səbəbindən 2 aylıq Göyçay rayonuna getməli olub. Rayonda olduğu zaman özü haqda guya Natiqin onu aparıb təklikdə cəzalandırması, onu görəndə hərəkətlərinə fikir verməsi, özündən üzr istətməsi, saymazlıq etdiyi üçün hətta qəsəbədən qovması kimi məlumatların dolaşdığını eşidir.
İttiham aktında göstərilib ki, o bu söz-söhbətlərə son qoymaq üçün Natiq Hüseynovdan qisas almaq niyyəti ilə onu öldürmək qərarına gəlib. Belə ki, Bəhrəm iyunun 7-də paytaxtın Sabunçu rayonunda yerləşən Park kafe" adlanan obyektə gedən zaman təsadüfən Natiq Hüseynovu orda görərək ona ümumilikdə 14 bıçaq zərbəsi vurub. Natiq Hüseynov aktiv şəkildə müqavimət göstərərək qaçıb kafeyə daxil olduğundan, eləcə də ətrafdakıların köməkliyi ilə vaxtında Sabunçu rayon xəstəxanasına çatdırıldığından onun həyatını xilas etmək mümkün olub.
Bəhrəm İbayeva qarşı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) və 228.4-cü (qanunsuz olaraq odlu və soyuq silah əldə etmə və gəzdirmə) maddələri ilə ittiham irəli sürülüb.
Orxan Rasifoğlu