Futbol klubu yaratmaq adı ilə 70 min manatı ələ keçirdi - Cinayət işi

Uşaq futbol klubu yaratmaq adı ilə vətəndaşın 70 min manatını ələ keçirməkdə təqsirləndirilən Vüsal İbrahimovun cinayət işi üzrə ilk baxış iclası keçirilib.

E-huquq.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Valeh Ələkbərov ittiham aktını elan edib.

Məlum olub ki, Vüsal İbrahimov İlkin Əliyevin 70 min manatını uşaq futbol klub yaratmaq adı ilə ələ keçirərək dələduzluq edib. Vüsal İbrahimov hakimin sualına cavab olaraq bildirib ki, özünü qismən təqsirli bilir, yəni bu məbləğlə bağlı yox. 

Xatırladaq ki, təqsirləndirilən şəxs Vüsal İbrahimov özü futbolçu olub. 

Məhkəmə prosesi 6 dekabr tarixinə kimi təxirə salınıb.

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Orxan Rasifoğlu