Bərdədə narkotiklə tutulan şəxslərin istintaqı başa çatdı

Bərdədə narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən İlqar Cavadovun və Məhəmməd Abdullayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Elmin Rüstəmovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Bakı şəhər sakini İlqar Cavadov əvvəlcədən əlbir olduğu Məhəmməd adlı şəxslə birlikdə Bərdə rayonuna gələrək onlara deyilən ərazidən narkotik vasitə olan 8 kiloqrama yaxın marixuana götürüblər. Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyatla İlqar Cavadov saxlanılıb. O, narkotik vasitəni onlayn yolla tanımadığı İran vətəndaşı vasitəsi ilə əldə etdiyini bildirib. Əməliyyatın davamı olaraq onun əlbir olduğu Məhəmməd Abdullayev də Bakı şəhərində saxlanılıb. Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə