Əfqanıstanda torpaq sürüşmələri və qar uçqunları nəticəsində 27 nəfər ölüb

Əfqanıstanın Nuristan və Pəncşir əyalətlərində torpaq sürüşməsi və qar uçqunları nəticəsində 27 nəfər həyatını itirib.

E-huquq.az yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Əfqanıstan müvəqqəti hökumətinin Təbii Fəlakətlər üzrə Dövlət Nazirliyinin sözçüsü Molla Canan Saik məlumat verib.

Saik Nuristan əyalətində gecə boyu yağan güclü qarın Nurqram rayonundakı Tetrin vadisində torpaq sürüşməsi və uçqunlara səbəb olduğunu bildirib.

Təbii fəlakət nəticəsində çoxlu sayda ev uçqun altında qalıb. 25 nəfərin cəsədİ tapılıb, 8 nəfər isə yaralanıb.

Pəncşir əyalətində baş verən qar uçqunu nəticəsində 2 mədən işçisi ölüb, 1 işçi isə yaralanıb.

İtkin düşən şəxslərin tapılması üçün axtarış-xilasetmə işi davam edir.

Şəbnəm Mehdizadə