- 11:25 | 02.10.2023
- Vəkillik
Azərbaycan Ordusu tərəfindən beynəlxalq hüququn əsas prinsiplərinə uyğun olaraq ölkə ərazisində Azərbaycan Respublikasının suverenliyinin tam olaraq bərpa edilməsi, Qarabağ iqtisadi rayonunda yaşayanların Azərbaycan Respublikasının Konstitusiyasını və qanunlarını qəbul edib, ona tabe olması məqsədi ilə keçirilmiş bir günlük anti-terror əməliyyatı nəticəsində erməni sakinlərinin Ermənistana kütləvi şəkildə köçü başlayıb.
Ermənistan mənbələri tərəfindən səsləndirilən iddialara əsasən, Qarabağ ərazisindən Ermənistana gedən ermənilərin sayı 100 mini keçib.
Qarabağ iqtisadi rayonunun erməni sakinlərinin Ermənistana bu şəkildə kütləvi köçü bir sıra suallar yaradır. Ermənilər bütün dünyaya car çəkirlər ki, “Azərbaycan bölgədə etnik təmizləmə həyata keçirir, erməniləri “tarixi torpaqlarından” deportasiya edir, onların mədəni-dini irsini mənimsəyir”.
Dünyanın məşhur "The New York Times", BBC, "ALJAZEERA", "Reuters" kimi mətbuat orqanları isə bu məsələni işıqlandırmaqdadırlar, gündəmdə saxlayırlar.
Sentyabrın 28-də Ermənistan hökumətinin iclasında Baş naziri Nikol Paşinyan Azərbaycanı etnik təmizləmədə suçlayaraq, buna qarşı beynəlxalq ictimaiyyəti konkret addımlar atmağa səsləyib: “Azərbaycanın apardığı etnik təmizləmə siyasəti nəticəsində ermənilərin Dağlıq Qarabağdan köçürülməsi davam edir. Təhlillər göstərir ki, yaxın günlərdə Dağlıq Qarabağda erməni qalmayacaq. Bu, uzun müddətdir ki, beynəlxalq ictimaiyyətə bəyan etdiyimiz birbaşa etnik təmizləmə və vətəndən məhrumetmə aktıdır. Müxtəlif beynəlxalq oyunçuların Dağlıq Qarabağda baş verən etnik təmizləməni pisləyən bəyanatları önəmlidir, lakin onların ardınca konkret addımlar atılmasa, o zaman bunlar yalnız tarix üçün mənəvi statistikanın yaradılmasının tərkib hissəsi kimi qiymətləndiriləcək”.
Görünən odur ki, Qarabağ iqtisadi rayonundan erməni əhalisinin könüllü şəkildə köçüb getməsinə görə Azərbaycanı etnik təmizləmədə təqsirləndirmək, məqsədli xarakter daşıyır.
Hesab edirəm ki, bunun heç bir hüquqi əsası yoxdur və heç bir siyasi və hüquqi nəticələri olmayacaq.
Belə ki:
Əvvəla etnik təmizləmə regionu etnik cəhətdən yekcins (homogen) etmək məqsədi ilə ərazidən etnik, irqi və dini qrupların sistematik şəkildə məcburi çıxarılmasıdır.
Əhalinin köçünün sistematik şəkildə məcburi çıxarılma adlanması üçün aşağıdakı məcburiyyət hərəkətləri olmalıdır:
Yaşadığı yerdən zorla qovma, insanları məhv etmə, deportasiya, yaşayış yerlərini dəyişmə
İnsanların qaçıb getməyə məcbur etmək və geri qayıtmasının qarşısını almaq məqsədinə yönəlmiş qətllər, zorlamalar, mülki şəxslərin kütləvi həbsi, məhkəməsiz ölüm cəzaları, əmlakın heç bir legitim əsas olmadan məhv edilməsi.
Etnik təmizləmə ilə müəyyən bir ərazinin homogen etnik tərkibinin yaradılması cəhdi kimi tövsif edilir. Burada ən əsas müəyyənləşdirici göstərici kimi zorakılıq, məcbur etmə elementi qabardılır. Azərbaycan isə Qarabağ iqtisadi rayonunun erməni əhalisinin qalması və ya getməsi üçün məcburiyyət və zorakılıq tətbiq etmir. Bu, onların öz şəxsi qərarlarıdır, bunun məcburi yerdəyişmə ilə heç bir əlaqəsi yoxdur. Əgər erməni sakinlərinin müəyyən bir hissəsi Azərbaycan bayrağı altında, Azərbaycan qanunvericiliyi çərçivəsində yaşamaq və ona tabe olmaq istəmirlərsə, onlar buna məcbur edilə bilməz.
Qarabağ bölgəsindəki erməni sakinlərinin Azərbaycanı tərk etmək və ya qalmaqda sərbəstdirlər. Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilmək onların müstəsna hüquqlarıdır.
Azərbaycan Respublikasının Konstitusiyasının 28.3-cü maddəsinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər.
Lakin Azərbaycan tərəfindən ermənilərin Qarabağ iqtisadi rayonunda öz yaşayış yerlərini tərk etməməyərək orada qalıb yaşamaları üçün ən yüksək səviyyədə çağırışlar edilib, təminatlar verilib. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədidir.
Azərbaycan bölgədə dayanıqlı sülhün əldə edilməsində maraqlıdır. Bunun üçün Qarabağ iqtisadi rayonunda etnik ermənilərin intensiv re-inteqrasiyasını dəstəkləyir və təşviq edir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında bildirmişdi:
“Mən əminəm ki, Qarabağda yaşayan erməni əhalisi tezliklə yaxşılığa doğru dönüş görəcək. Çünki bizim niyyətimiz sülh qarşılıqlı anlaşma, qarşılıqlı hörmət əsasında birgə həyat qurmaqdır. Bizim erməni xalqı ilə heç bir problemimiz yoxdur, ədavətimiz də yoxdur”.
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "France 24"ə müsahibəsində bildirmişdir ki, “əgər erməni sakinlər Azərbaycan vətəndaşlığını qəbul etsələr, biz onların hüquq və təhlükəsizliyini qoruyacaq, eləcə də bələdiyyə sistemi yaradacayıq ki, yerli-yerində öz işlərini idarə edə bilsinlər, həmçinin dini və mədəni hüquqları təmin olunsun”.
Göründüyü kimi, etnik təmizləmə iddialarından söhbət belə gedə bilməz. Azərbaycan multietnik bir cəmiyyətdir. Azərbaycanda müxtəlif etnik qruplar yaşayır. Xüsusilə vurğulamaq lazımdır ki, I Qarabağ müharibəsindən sonra Bakı və digər Azərbaycan şəhərlərində 30 mindən artıq erməni yaşamışdır və yaşamaqdadır. Ötən dövr ərzində onlara qarşı heç bir zorakılıq hərəkətləri edilməmişdir. Ümumiyyətlə Azərbaycanda tarixinin heç bir dövründə etnik təmizləmə, irqi ayrı-seçkilik və diskriminasiya siyasəti olmamışdır.
Əksinə əsl etnik təmizləmə ermənilər tərəfindən son 30 ildə azərbaycanlılara qarşı edilənlərdir.
1989-cu ildə Ermənistanda yaşayan 160 mindən çox azərbaycanlı öz yaşadıqları yerdən məcburi qaydada, zorla köçürülmüşdür.
1989-1993-ci illərdə Qarabağda yaşayan 40 mindən çox azərbaycanlı bir başa etnik təmizləməyə məruz qalaraq zorla yaşadıqları yerdən qaçıb getməyə məcbur edilmiş və geri qayıtmalarının qarşısı almışdır.
Digər tərəfdən beynəlxalq cinayət hüququnda etnik təmizləmə müstəqil və ya ayrıca cinayət kimi tanınmayıb və ya kodlaşdırılmayıb. Mübahisəli və amorf anlayışdır. Bundan fərqli olaraq, beynəlxalq cinayət hüququnda təcavüz, genosid, insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri ayrıca cinayət kimi qəbul edilir və tanınır. Hansı ki, Beynəlxalq cinayət hüququ ilə tanınan bu cinayətlərin hamısını ötən dövr ərzində Ermənistan dövləti, erməni qoşunları tərəfindən Azərbaycana qarşı törədilmişdir.
Polad Mehdi
Vəkillər Kollegiyasının üzvü