Zəfər bayramı – tarixi ədalətin təntənəsi

44 günlük Vətən müharibəsi... Azərbaycan Respublikasının Prezidenti, dünya şöhrətli siyasətçi, qətiyyətli lider və yenilməz sərkərdə İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan iki il əvvəl işğal altında qalan torpaqlarımızın azad olunması ilə nəticələnən müharibənin qalibi kimi tarix yazdı.

Bu tarix xalqımızın qürur mənbəyi olmaqla igid, vətənpərvər Azərbaycan övladlarının qəhrəmanlığı, şücaəti ilə, Vətən, torpaq uğrunda canını fəda edən şəhidlərimizin qanı ilə yazıldı. Bu tarix bizim Zəfər tariximizdir, hər səhifəsi qələbə müjdəsi ilə doludur, azadlığa qovuşan torpaqlarımızın canlanmasına yaranan ümiddir, inamdır.

Vətən müharibəsinin ilk günü düşmənin ölkəmizə qarşı növbəti genişmiqyaslı hərbi təxribatı ilə başladı. Elə həmin gün ölkə Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyev xalqa müraciətində “Bizim işimiz haqq işidir. Biz Zəfər çalacağıq” deyərək xalqımızda böyük qələbəyə, uzun illərdir həsrətində olduğumuz doğma torpaqlarımızın azad olunacağına əminlik yaratdı. Xalqımız dövlət başçısının ətrafında “dəmir yumruq” kimi sıx birləşərək tarixi ədalətin bərpası naminə zəfər yürüşünə qoşuldu.

Azərbaycan xalqı Vətən müharibəsində bir daha öz mübarizliyini, əyilməzliyini, qorxmazlığını, ərazi bütövlüyümüzü bərpa etmək üçün sarsılmaz əzm nümayiş etdirdi. Möhtərəm Prezidentimizin rəhbərliyi dövründə yetişən vətənpərvər gənclərimiz Vətəni qorumaq üçün hər cür fədakarlığa hazır olduqlarını sübut etdilər.

Müharibənin ilk günündə Azərbaycan Ordusunun düşmənin təxribatlarına qarşı apardığı uğurlu əks-hücum əməliyyatı nəticəsində bir neçə kəndin işğaldan azad etməsi xalqımızın böyük qələbə qazanacağının anonsu oldu.

Azərbaycan 44 günə XXI əsrin müharibəsini apararaq düşməni torpaqlarımızdan qovub çıxartdı. Rəşadətli Azərbaycan əsgər və zabitləri addım-addım irəliləyərək, Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçərək Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri olmaqla ümumilikdə, 300-dən çox yaşayış məntəqəsini və mühüm strateji yüksəklikləri işğaldan azad etdi.

Zəfər bayramı kimi qeyd etdiyimiz Qarabağın tacı, mədəniyyət paytaxtımız Şuşa şəhərinin 8 noyabr tarixində düşmən əsarətindən qurtulması isə müharibənin taleyində həlledici olmaqla Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Şuşa şəhərinin azad olunmasında hərbçilərimiz əsl qəhrəmanlıq salnaməsi yazdılar.

Təsadüfi deyil ki, Azərbaycanın Vətən müharibəsində apardığı döyüş əməliyyat-taktikaları dünya hərb tarixinə bir yenilik kimi daxil olaraq öyrənilməyə başlanıldı. Şuşa əməliyyatı isə bu mənada xüsusi yer tutur. Qəhrəman əsgər və zabitlərimiz əlbəyaxa döyüş taktikası seçərək yüngül silahlarla sıx meşələrdən, dərin dərələrdən keçib, qayaları, dağlara dırmaşaraq düşmənlə üzbəüz döyüşdə Şuşanı şəhəri azad etdilər.

Ermənistanın döyüş meydanında məğlubiyyətə uğradılması cənab Prezidentimizin həm də diplomatik məharəti ilə müharibə dövründəki siyasi mübarizəsinin, informasiya savaşında qalibiyyətinin təzahürüdür. 44 gündə ölkə rəhbərinin dünyanın müxtəlif aparıcı telekanallarına və informasiya agentliklərinə müxtəlif dillərdə müsahibələri, əsl həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırması düşməni tamamilə tərk-silah buraxdı, ölkəmizin milli maraqlarının qorunmasını təmin edərək Azərbaycanın haqlı tərəf olduğunu bütün dünyaya sübut etdi.

Bütün bunların nəticəsi oldu ki, cənab Prezident Ağdam, Laçın və Kəlbəcər kimi iri və strateji rayonlarımızın qansız-qadasız Azərbaycana – əsl sahiblərinə qaytarılmasına nail oldu.

Uzun illər əsarətdə qalan torpaqlarımızın düşmən tərəfindən işğal dövründə darmadağın edilərək büsbütün minalanmasına baxmayaraq qələbədən cəmi bir həftə sonra cənab Prezident İlham Əliyev qalib sərkərdə kimi azad edilmiş torpaqlara ayaq basdı. Respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ilə birlikdə Füzuli və Cəbrayıl rayonlarına səfər etdi, tarixi Xudafərin körpüsündə Azərbaycanın Bayrağını ucaltdı.

Bu səfər xalqımızın öz dədə-baba torpaqlarına qayıdışının təcəssümü idi. Qələbədən ötən iki ildə azad edilmiş torpaqlarımızda aparılan nəhəng bərpa-quruculuq işləri bunu deməyə əsas verir.

Azərbaycan dövləti öz gücü, iqtisadi qüdrəti hesabına ərazilərimizi bərpa edir, o torpaqlara yenidən həyat qayıdır. 30 ildir düşmən tapdağında əzilmiş, viran olmuş, təbii sərvətləri talan edilmiş, ekologiyası məhv edilmiş əzəli torpağımız Qarabağ və Şərqi Zəngəzur bu gün cənnətə çevrilir. Şuşada və digər azad edilmiş doğma torpaqlarımızda yenidən bayram tonqalı qalanır, şənliklər, festivallar keçirilir, məscidlərində namaz qılınır, dualar oxunur.

Dövlət başçısının rəhbərliyi ilə qısa müddətdə həyat üçün, insanların yaşayışı üçün zəruri olan layihələr həyata keçirilərək, yol-nəqliyyat, enerji, sosial infrastrukturlar bərpa edildi. Artıq Böyük Qayıdışın təməli qoyularaq o torpaqların sahibləri öz evlərinə dönürlər. Zəngilan rayonunda “Ağıllı kənd” konsepsiyası əsasında istifadəyə verilmiş Ağalı kəndində keçmiş məcburi köçkünlərimiz yaşayır və yenidən qurub-yaratmağa başlamışlar. Bu yaxınlarda Ağalı kəndinə səfər edən cənab Prezidentin sakinlərlə görüşdə qeyd etdiyi kimi, “biz azad edilmiş torpaqları tezliklə abadlaşdıracağıq və bu gün hələ də Sumqayıtda, Bakıda, digər rayonlarda yaşayan keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdacaqlar..”

Bu gün azad edilmiş doğma torpaqlarımıza həmvətənlərimiz qayıtdıqca onlara daha əlçatan və operativ hüquqi xidmətlər göstərilməsi üçün ədliyyə və məhkəmə fəaliyyətinin bərpası ilə bağlı önəmli addımlar atılır, həmin ərazilərdə yaşayan və fəaliyyət göstərən insanlara səyyar qaydada hüquqi xidmətlər göstərilir.

Bərpa-quruculuq işləri çərçivəsində xalqımızın Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə görülən tədbirlər xüsusi qeyd olunmalıdır.

Ötən il dövlət başçısının və birinci xanımın iştirakı ilə paytaxt Bakıda Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin təməlinin qoyulması, eləcə də azad edilmiş ərazilərimizdə belə muzey-komplekslərin yaradılması, Hərbi Qənimətlər Parkının, elektron informasiya resurslarının və platformalarının istifadəyə verilməsi Vətən müharibəsi haqqında həqiqətlərin təbliği, gələcək nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması baxımından mühüm əhəmiyyət kəsb edir.

Xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə ölkə Prezidentinin Sərəncamı ilə təsis edilmiş 8 Noyabr - Azərbaycan Respublikasında Zəfər Günü isə hər bir azərbaycanlının yüksək qürur hissi və təntənə ilə qeyd etdiyi əlamətdar tarixi gündür.

Şuşa şəhərinin işğaldan azad edildiyi gün xalqımızın zəfər bayramına çevrildi. Cənab Prezident Şuşanın azad olunması ilə bağlı Şəhidlər xiyabanında böyük müjdəni verərkən demişdir: “Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür!..”

Tarixi ədalətin təntənəsi olan Zəfər bayramı bu il, ölkə Prezidentinin elan etdiyi “Şuşa İli” çərçivəsində ölkəmizin hər yerində, o cümlədən azad edilmiş ərazilərimizdə böyük coşqu və atəşfəşanlıqla qeyd olunur.

Zəfər Günü Azərbaycan xalqının qalibiyyət bayramıdır. Bu bayramı bizlərə yaşatdığı üçün Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarıq, Vətən uğrunda qəhrəmanlıq göstərərək tarix yazan qalib Azərbaycan Ordusuna, canını fəda edən şəhidlərimizə borcluyuq.

Zəfərin mübarək, Azərbaycan!

Azər İsmayılov

Sumqayıt Şəhər Məhkəməsinin hakimi