- 09:37 | 16.08.2022
- Maarifləndirmə
Dövlət özəlləşdirmə çeklərin nominal dəyərinin (qiymətinin) qanunla birbaşa tənzimlənərək onun üzərinə yazılmamış olması praktikada bu çeklərin müxtəlif qiymətlər ilə özəlləşdirmə prosesinə buraxılmasına səbəb olub. Bu durum isə dövlət özəlləşdirmə çeklərinin nominal dəyəri (qiyməti) ilə bağlı hüquq doktrinası və praktikasında müxtəlif fikirlərin formalaşmasına və müzakirələrə səbəb olub. Əsas müzakirə olunan sual isə dövlət özəlləşdirmə çeklərin nominal dəyərinin (qiymətinin) qanunla birbaşa tənzimlənərək onun üzərinə yazılmamış olması görəsən çek sahiblərinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində tənzimlənən “bərabərlik hüququnu” və Konstitusiyasının 13-cü və 29-cu maddələrində tənzimlənən “mülkiyyət hüququnu” pozub pozmadığı sualıdır.
Məqalədə bu sual qiymətli kağızlarda nominal dəyər anlayışı və bu dəyərin müəyyən edilməsinin vacibliyi, qaydası kimi məsələlər də nəzərə alınaraq Azərbaycan Respublikası qanunvericiliyi bir bütün olaraq diqqətə alınaraq hüquqi baxımdan təhlil edilib.
- Dövlət özəlləşdirmə çeklərinin investisiya qiymətli kağız statusu.
Qiymətli kağızlar ilə bağlı dünyada qəbul edilən hüquqi fəlsəfə, bu sahədəki beynəlxalq nəzəriyyələr, Azərbaycan Respublikası qanunvericiliyi diqqətə alınaraq deyə bilərik hər hansı bir sənədin qiymətli kağız sayıla bilməsi 3 əsas şərtin varlığına bağlıdır. Birincisi qiymətli kağızın qanunla müəyyən edilmiş formada tərtib olunması, ikincisi qiymətli kağızın iqtisadi dəyərə malik, özgəninkiləşdirilə bilən bir hüququ (məsələn tələb hüququnu, mülkiyyət hüququnu, pay hüququnu və sairəni) təsdiqləməsi, üçüncüsü isə, həmin sənədin qanunla qiymətli kağız olduğunun birbaşa tənzimlənmiş olmasıdır.
Məlum olduğu kimi, dövlət özəlləşdirmə çekləri emitenti olan Azərbaycan Respublikası tərəfindən qanunla müəyyən edilmiş formada tərtib olunub (1-ci şərt ödənilib), vətəndaşlara dövlət əmlakından verilmiş iqtisadi dəyərə malik dövlət özəlləşdirmə payı üzərindəki hüququ təsdiq edib (2-ci şərt ödənilib), 29 sentyabr 1995-cil tarixli Azərbaycan Respublikası Qanunu ilə qiymətli kağız olduğu açıq aydın, birbaşa tənzimlənib (3-cü şərt ödənilib). Bu səbəblə deyə bilərik ki, dövlət özəlləşdirmə çekləri 29 sentyabr 1995-cil tarixində bəri qiymətli kağızıdır.
Dövlət özəlləşdirmə çeklərinin emitenti ilə onun mülkiyyətçi arasında yazılı müqavilənin olmaması belə həmin sənədlərin mahiyyətinə təsir göstərə bilməz. Belə ki, qiymətli kağızlar ilə bağlı qəbul edilən üç beynəlxalq nəzəriyyə (“kreasyon” nəzəriyyəsi, “müqavilə” nəzəriyyəsi və “görünüşə etimad prinsipi ilə dəstəklənən müqavilə” nəzəriyyəsi) heç biri hər hansı bir sənədin qiymətli kağız sayıla bilməsi üçün emitent ilə sənədin mülkiyyətçi arasında yazılı müqavilənin mütləq qaydada bağlanmasını tələb etmir. Belə ki, həmin nəzəriyyələrdən biri ((“kreasyon” nəzəriyyəsi) ümumiyyətlə müqavilənin varlığını tələb etmədiyi halda, digər iksi isə, yazılı müqaviləni deyil, ümumiyyətlə müqavilə münasibətin var olmasını tələb edir. Məlum məsələdir ki, qiymətli kağızın emitenti ilə mülkiyyətçisi arasında yazılı müqavilənin olmaması, ümumiyyətlə müqavilə münasibətin qurulmadığı mənasına gələ bilməz. Çünki həmin müqavilə şifahi razılaşma yolu ilə də bağlana bilər. Məhz dövlət özəlləşdirmə çekləri buna örnəkdir. Yəni dövlət özəlləşdirmə çeklərinin emitenti olan Azərbaycan Respublikası dövləti ilə onun mülkiyyətçisi olan Azərbaycan Respublikasının vətəndaşı arasında şifahi müqavilə münasibəti mövcuddur. Belə ki, dövlət özəlləşdirmə çekləri, hər bir Azərbaycan vətəndaşına dövlət əmlakından verilmiş dövlət özəlləşdirmə payının (əmlak payının) qiymətli kağıza bağlanaraq ödəniş vasitəsi kimi istifadəsini və tədavülünü asanlaşdırmaqdır məqsədi ilə yenə dövlət tərəfindən çıxardılaraq təqdim olunmuşdur. Bu proses vaxtı dövlət ilə vətəndaş arasında şifahi müqavilə münasibətləri qurulub. Yəni dövlət çeki tərtib edib vətəndaşa verib və vətəndaş da həmin çeki qəbul edib. Bu durum tərəflər arasında razılaşmanın olduğunu, başqa bir ifadə ilə müqavilənin bağlandığını təsdiq edir.
Qeyd edilənlərdən məlum olduğu kimi, bəzi əsassız tərəddüdlər ilə birlikdə dövlət özəlləşdirmə çeklərinin qiymətli kağız olduğu bir mənalı olaraq hamı tərəfindən qəbul olunur. Məlum məsələdir ki, dövlət özəlləşdirmə çekləri, səhmlər, istiqrazlar kimi investisiya qiymətli kağızlar kategoriyasına daxil edilir. Belə ki, Mülki Məcəllənin 997.2-ci maddəsinə görə, “istiqrazlar və səhmlər investisiya qiymətli kağızlarıdır. İnvestisiya qiymətli kağızları buraxılışlarla yerləşdirilir və qiymətli kağızların əldə edilməsi vaxtından asılı olmayaraq bir buraxılış daxilində hüquqların həyata keçirilməsinin həcmi və müddəti eyni olan qiymətli kağızlardır”.
İnvestisiya qiymətli kağızlar ortaq xüsusiyyətlərindən bir də onların hamısının nominal dəyərinin öncədən müəyyən olunmasıdır. Məhz səhmin üzərində yazılın dəyər onun nominal dəyəri, bazarda səhmə verilən dəyər isə real dəyər olaraq qəbul olunur.
- Dövlət özəlləşdirmə çeklərin nominal dəyəri (qiyməti) ilə bağlı qanunvericilikdə olan normaların təhlili.
Dövlət özəlləşdirmə çekləri ilk dəfə Ümummilli Liderimiz Heydər Əliyevin imzasını daşıyan “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramının” təsdiq edilməsi haqqında 29 sentyabr 1995-ci il tarixli Qanunu[2] ilə təsdiqlənmiş “I Dövlət Proqramı” ilə çıxarılıb [3]. Məhz həmin “I Dövlət Proqramı”nın “Dövlət özəlləşdirmə payı” adlanan 3-cü bölməsində deyilir ki,
Özəlləşdirmə payı—Azərbaycan Respublikasının hər bir vətəndaşına özəlləşdirilən dövlət mülkiyyətindən əvəzsiz verilən hissədir (2-ci abzas).
Özəlləşdirmə payı—respublika vətəndaşlarına özəlləŞdirilən dövlət müəssisələrinin və investisiya fondlarının səhmlərini almaq üçün verilir. Pay (çek) satıla, banklara, girovqoyula, irsən verilə və Azərbaycan Respublikasının mövcud qanunvericiliyində nəzərdə tutulan başqa formada özgəninkiləşdirilə bilər (3-cü abzas).
Dövlət özəlləşdirmə payı—adsız (təqdim edənə) nağd qiymətli kağız firmasında, olan, 4 (dörd), çekdən ibarətdir. Özəlləşdirmə payına daxil olan çeklə verildiyi an eyni dəyərə malikdir (4-cü abzas).
Dövriyyəyə tədavül müddəti üç il olan 32.000 000 (otuz iki milyon) dövlət özəlləşdirmə çeki buraxılır (5-ci abzas).
Özəlləşdirmə payına daxil olan hər bir çekin nominal dəyəri - inflyasiyanın təsirindən qorunan maddi ekvivalentdir, çeklə özəlləşdiriləcək Azərbaycan Respublikasının dövlət əmlakının 1/32.000 000 hissəsidir (6-cı abzas).
Özəlləşdirmənin başlandığı ana qədər qeydə alınmış Azərbaycan Respublikasının hər bir vətəndaşına 4 (dörd) çekdən ibarət olan bir dövlət özəlləşdirmə payı verilir. Özəlləşdirmə payı alacaq vətəndaşların siyahısı müvafiq yerli icra hakimiyyəti orqanları tərəfindən DƏK-in yerli qurumları ilə birlikdə tərtib edilir. Özəlləşdirmə paylarının (çeklərinin) verilməsi mexanizmi Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə müəyyən edilir (7-ci abzas).
Bu proqramın xüsusilə 6-cı abzasına nəzərə salsaq görərik ki, bütün qiymətli kağızlar kimi dövlət özəlləşdirmə çeklərinin nominal dəyəri birbaşa rəqəm ilə olmasa da dolayılı olaraq tənzimlənib. Həmin nominal dəyərin birbaşa tənzimlənməməsinin əsas səbəbi kimi dövlət özəlləşdirmə çeklərinin inflyasiyanın təsirindən qorumaq olduğu qeyd edilir.
Belə ki, Ulu Öndər Heydər Əliyevin təkidi ilə dövlət özəlləşdirmə çekləri ilə bağlı başqa ölkələrdə yaşanmış hüquq pozuntular da nəzərə alınaraq özəlləşdirmə payına daxil olan hər bir çekin nominal dəyərinin inflyasiyanın təsirindən qorunan əmlak ekvivalenti olduğu qanunla tənzimləndi.
Məhz həmin 6-cı abzasda deyilir ki, “Özəlləşdirmə payına daxil olan hər bir çekin nominal dəyəri inflyasiyanın təsirindən qorunan maddi ekvivalentdir və çeklə özəlləşdiriləcək Azərbaycan Respublikasının dövlət əmlakının 1/32.000 000 hissəsidir”.
Bundan başqa həmin Proqramın 3-cü Bölməsinin 7-cı abzasında deyilir ki, “Özəlləşdirmənin başlandığı ana qədər qeydə alınmış Azərbaycan Respublikasının hər bir vətəndaşına 4 (dörd) çekdən ibarət olan bir dövlət özəlləşdirmə payı verilir”.
Yenə həmin Proqramın 3-cü Bölməsinin 4-cü abzasında isə deyilir ki, Dövlət özəlləşdirmə payı—adsız (təqdim edənə) nağd qiymətli kağız firmasında, olan, 4 (dörd), çekdən ibarətdir. Özəlləşdirmə payına daxil olan çeklə verildiyi an eyni dəyərə malikdir (4-cü abzas).
Buradan məlum olduğu kimi, dövlət özəlləşdirmə çeklərin hər biri nominal (əmlak) dəyəri inflyasiyanın təsirindən qorunan və eyni (bərabər) olan maddi ekvivalent olub, özəlləşdirmənin başlandığı ana qədər qeydə alınmış Azərbaycan Respublikasının hər bir vətəndaşına qanun əsasında dövlət əmlakından verilmiş paydır (mülkiyyətdir).
Bu qaydalar “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 16 may 2000-ci il tarixli Qanuna zidd olmadığı üçün öz qüvvəsini saxlayır.
Yəni dövlət özəlləşdirmə çeklərin hər birinin nominal (əmlak) dəyəri inflyasiyanın təsirindən qorunan və eyni olan maddi ekvivalent və özəlləşdirmənin başlandığı ana qədər qeydə alınmış Azərbaycan Respublikasının hər bir vətəndaşına qanun əsasında dövlət əmlakından verilmiş pay (mülkiyyət hüququ) olduğu məsələsi “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 16 may 2000-ci il tarixli Qanununa Qanuna zidd olmadığı üçün öz qüvvəsini saxlayır.
Lakin bütün bunlardan məlum olduğu kimi, inflyasiyadan qorunmaq məqsədi ilə dövlət özəlləşdirmə çeklərinin nominal dəyəri birbaşa qanunvericiliklə tənzimlənməyib, amma hesablana biləcək bit üsulla müəyyən edilməsinin mümkün olduğunu ifadə edib.
Məhz Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 12.12.1997-ci il tarixli “222” saylı Əmri ilə təsdiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 19.12.1997-ci ildə 75 saylı qeydiyyat nömrəsi ilə qeydiyyata aldığı “Dövlət özəlləşdirmə opsionunun qiymətinin müəyyən edilməsi” haqqında Qaydalarına əsasən bu nominal dəyəri hesablamaq mümkündür.
Belə ki, həmin Qaydaların 2-ci bəndində deyilir ki, “Dövlət özəlləşdirmə opsionunun qiyməti dövlət özəlləşdirmə çeklərinin (paylarının) çek auksionlarında təşəkkül tapmış orta satış qiymətinin 0,1 faiz miqdarında, lakin 2000 manatdan az olmamaq şərti ilə müəyyən edilir”.
Həmin dövrdə 1 dollar 4000 manat və 1 opsionun qiyməti ən azı 50 sent idi. Deməli Dövlət Əmlak Komitəsi 1997-ci ildə 1 ədəd dövlət özəlləşdirmə çekinin nominal dəyərinin ən azı 500 Amerika Birləşmiş Ştatları doları olduğu müəyyən edilir.
Təbii ki, bir dövlət özəlləşdirmə payında 4 çek olduğunu nəzərə alsaq bir paya düşən mülkiyyət əmlak ekvivalentinin isə ən azı 2000 Amerika Birləşmiş Ştatları doları olduğunu deyə bilərik.
Başqa bir ifadə ilə 1997-ci ildə dövlət özəlləşdirmə payları (çekləri) verilindən sonra xarici investorların iştirak etməsi üçün opsionların qiymətini təyin edən 1997-ci il tarixli DƏK-nin Əmrindən belə məlum oldu ki, Ulu Öndərin hər vətəndaşa verdiyi hər bir dövlət özəlləşdirmə çekinin nominal dəyəri 500 Amerika Birləşmiş Ştatları doları, hər bir payda 4 çekin olduğunu nəzərə alsaq bir payın dəyəri isə 2000 Amerika Birləşmiş Ştatları doları olub.
Məhz dahi Heydər Əliyev dövlət özəlləşdirmə payları (çekləri) hər bir Azərbaycan Respublikası vətəndaşına özəlləşdirilən dövlət əmlakından (mülkiyyətindən) əvəzsiz qaydada verilən hissə, əmlak payı olduğunu dəfələr ilə ifadə etmiş və bu əmlak payının müəyyən bir müddət ilə məhdudlaşdırılmasının qəbul edilməz olduğunu bildirmişdir. Məhz bu hüquqi tənzimləmə öz əksini Ulu Öndərin imzasını daşıyan 29.09.1995-ci il tarixli 1120 saylı Qanunda, həmin qanun ilə təsdiq edilmiş I Dövlət Proqramında tapmışdır.
Buna baxmayaraq dövlət özəlləşdirmə çeklərin həmin nominal dəyəri (qiyməti) qanunvericilikdə birbaşa tənzimləmədi. Lakin yuxarıda qeyd edildiyi kimi dövlət özəlləşdirmə çeklərinin nominal dəyəri inflyasiyanın təsirindən qorunan maddi ekvivalent olduğu üçün hər il inflyasiya nəzərə alınaraq onun qiymətinin ictimaiyyətə açıqlanması həmin mülkiyyətdən vətəndaşların istifadəsini asanlaşdıracaq və onların banklarda girov qoyma hüququnu belə təmin ediləcəkdir.
- Dövlət özəlləşdirmə çeklərin nominal dəyərinin (qiymətinin) qanunvericilikdə birbaşa tənzimlənməmsinin vacibliyi.
Dövlət özəlləşdirmə çeklərin nominal dəyərinin (qiymətinin) qanunvericilikdə birbaşa tənzimlənməmsinin vacibliyini aşağıdakılar ilə əsaslandırmaq mümknüdür:
1) Dövlət özəlləşdirmə çeklərin nominal dəyərinin (qiymətini) qanunvericiliklə birbaşa tənzimlənməsi, çek sahiblərinin mülkiyyət hüququnun və bərabərlik hüququnun qorunması, onların bu hüquqlarının müxtəlif manipulyasiya yolları ilə pozulmasının qarşısının alınması üçün artıq vacibdir.
2) Dövlət özəlləşdirmə çeki dövlət qiymətli kağızı olub, hər bir çek, özəlləşdiriləcək 65%-lik dövlət əmlakının 1 / 32 000 000 hissəsini təmsil edən və inflyasiyadan qorunan əmlak ekvivalentidir. Bu durum hər bir çekin sahibinə dövlət əmlakından (mülkiyyətindən) pay verdiyini təsdiq etdiyi kimi, həm də həmin mülkiyyətin banklarda girov kimi qoyulma imkanının varlığını təsdiq edir. Bunu təmin etmək öhdəliyi isə qanunla dövlətin pozitiv öhdəliklərindən biridir. Lakin dövlət özəlləşdirmə çeklərinin nominal dəyəri qanunvericilik ilə konkret müəyyən edilmədiyi üçün çek sahibləri bu hüquqlarından istifadə edə bilmirlər. Eyni zamanda bu durum müxtəlif şəxslər tərəfindən manipulyasiya edilərək vətəndaşların konstitusion hüquqlarının, xüsusi ilə mülkiyyət və bərabərlik hüquqlarının pozulmasına səbəb olub.
3) Dövlət özəlləşdirmə çeklərinin nominal dəyərinin qanunvericilik ilə konkret müəyyən edilməsi çekin emitenti olaraq dövlətin öhdəliyinin də konkret olmasına imkan verəcəyi kimi, vətəndaşların bərabərlik hüququ da təmin ediləcəkdir. Məsələn bazarda çeklərin real satış qiymətinin bu gün 100 ABŞ dollar olduğunu hesab edək. Bu o demək deyildir ki, dövlət bu gün özəlləşdirdiyi (satdığı) müəssisədən çeki təqdim edən şəxsə 100 ABŞ dollarlıq səhm verməlidir. Əgər bunu qəbul etsək, onda sabah çeklərin bazarda real satış qiymətinin 100 000 ABŞ dolları olarsa, deməli alınan hər çekə (paya) görə dövlət 100 000 ABŞ dollarlıq səhm verməlidir? Bu problemin qarşısının alınması üçün Dövlət özəlləşdirmə çeklərinin nominal dəyərinin qanunvericilik ilə konkret müəyyən edilməsi vacibdr.
4) Dövlət özəlləşdirmə çeklərinin nominal dəyərinin qanunvericilik ilə konkret müəyyən edilməsi çek sahiblərinin bərabərlik hüququnun pozulmasının qarşısını alacaq. Məlum olduğu kimi, hüquq ədalətə əsaslanır, hüquqları müəyyənləşdirən və qoruyan isə Konstitusiya və Qanunlardır. Dövlət özəlləşdirmə çeklərinin nominal dəyərinin qanunvericilik ilə konkret müəyyən edilməmiş olmasından istifadə edən bəzi şəxslər çeklərin dəyərini manipulyasiya etmişdir. Qanun qarşısında hamı bərabər hüquqlu olmasına baxmayaraq, bu manipulyasiyalar ilə ayrı seçkilik meydana gətirilmişdir. Məsələn 2010-cu ildə həyata keçirilmiş bir müəssisinin özəlləşdirilməsi zamanı bir dövlət özəlləşdirmə çeki (pay) 1400 manat olaraq hesablanmışdır. Belə ki 14 milyon 337 minlik dövlət əmlakı üçün tam 40.000 dövlət özəlləşdirmə çeki verilmişdir.
Məhz bu durum Konstitusiyanın 25-ci maddəsi ilə tənzimlənən “hamı qanun və məhkəmə qarşısında bərabərdir” qaydasının pozulması olduğu kimi, həm də çek sahiblərinin mülkiyyət hüququnun pozulmasıdır.
Məlum olduğu kimi, dövlət qanunla götürdüyü öhdəlik qədər hər vətəndaş qarşısında cavabdehdir. Bu da onun tələb edir ki, dövlətin vətəndaşlara verdiyi dövlət özəlləşdirmə çeklərinin hər birinin qiyməti (dəyəri) eyni olmalıdır. Həmin dəyərin fərqli formada bəzən 100 manat, bəzən 2000 manat bəzən isə 1400 manat olaraq təyin edilməsi Konstitusiyanın 25-ci maddəsinin (bərbərlik hüququnun) və Konstitusiyanın 13-cü və 29-cu maddələrinin (mülkiyyət hüququnun) pozulmasıdır.
Hesab edirik ki, Konstitusiya və Qanunlar ilə tənzimlənən bu insan hüquqlarının bu formada ölkəmizdə pozulması həm ölkə vətəndaşlarının, həm də xarici inventarların ölkəmizdə investisiya qoymaq həvəsini öldürür.
Məlum olduğu kimi ölkə vətəndaşları və xarici şirkətlər dövlətin qanunla verdiyi vədə inanaraq dövlət özəlləşdirmə çeki alıblar. 2011-ci ilin əvvəlində mətbuatda verilmiş məlumata görə milli depozit mərkəzində belə şəxslərə məxsus olan 600 000 çek istifadə edilmədən qalıb.Maraqlı bir sual yaranır ki, hansı xarici və yerli investor dövlət təminatı olan bu çeklər ilə onlara qarşı olan belə ədalətsizlikdən sonra ölkəyə investisiya qoyar. Bütün bu neqativ halların qarşısını almaq üçün dövlət özəlləşdirmə çeklərinin nominal dəyərinin qanunvericilik ilə konkret müəyyən edilməsi vacibdir.
Nəticə: Məqalədə qoyulan sual ilə bağlı hüquqi təhlilin cavabları əsasən əlaqədar bölmələrdə ifadə olunub. Bununla birlikdə xülasə kimi aşağıdakıların qeyd edilməsinin faydalı olacağını hesab edirik.
Dövlət özəlləşdirmə çeklərin investisiya qiymətli kağızı olduğu bir mənalı olaraq hamı tərəfindən qəbul olunur. Belə ki, dövlət özəlləşdirmə çekləri, hər bir Azərbaycan vətəndaşına dövlət əmlakından verilmiş dövlət özəlləşdirmə payılarının qiymətli kağıza bağlanaraq ödəniş vasitəsi kimi istifadəsini və tədavülünü asanlaşdırmaqdır məqsədi ilə dövlət tərəfindən çıxardılaraq vətəndaşlara verilmişdir. Lakin hüquq doktrinası və praktikasında davam edən ən qızğın müzakirə dövlət özəlləşdirmə çeklərinin nominal dəyərinin hamı üçün eyni olan məbləğ formasında qanunvericilikdə birbaşa tənzimlənməmiş olmasının meydana gətirdiyi nəticələr və xüsusilə hüquq pozuntularıdır.
Belə ki, I Dövlət Proqramının “Dövlət özəlləşdirmə payı” adlanan 3-cü bölməsinin 4-cü, 6-cı və 7-ci abzaslarını nəzərə alaraq deyə bilərik ki, dövlət özəlləşdirmə çeklərin hər biri nominal (əmlak) dəyəri inflyasiyanın təsirindən qorunan və eyni (bərabər) olan maddi ekvivalent olub, özəlləşdirmənin başlandığı ana qədər qeydə alınmış Azərbaycan Respublikasının hər bir vətəndaşına qanun əsasında dövlət əmlakından verilmiş paydır (mülkiyyətdir). Lakin həmin dəyərin nə qədər olduğu isə qanunvericilikdə birbaşa tənzimlənmir. Bu isə vətəndaşların mülkiyyət və bərbərlik hüquqlarının pozulmasına, manipulyasiyanın saylarının artmasına və digər mənfi hallara səbəb olur. Ona görə də hesab edirik ki, dövlət özəlləşdirmə çeklərin nominal dəyərinin (qiymətinin) qanunvericilikdə birbaşa tənzimlənməsi vətəndaşların mülkiyyət və bərbərlik hüquqlarının qorunması, manipulyasiyanın qarşısının alınması, dövlətin öhdəliyinin kokretləşdirilməsi və digərləri baxımından faydalıdır.
Xülasə: Dövlət özəlləşdirmə çekləri, səhmlər, istiqrazlar kimi investisiya qiymətli kağızlar kategoriyasına daxil edilir. Belə ki, Mülki Məcəllənin 997.2-ci maddəsinə görə, “istiqrazlar və səhmlər investisiya qiymətli kağızlarıdır. İnvestisiya qiymətli kağızları buraxılışlarla yerləşdirilir və qiymətli kağızların əldə edilməsi vaxtından asılı olmayaraq bir buraxılış daxilində hüquqların həyata keçirilməsinin həcmi və müddəti eyni olan qiymətli kağızlardır”. İnvestisiya qiymətli kağızlar ortaq xüsusiyyətlərindən bir də onların hamısının nominal dəyərinin öncədən müəyyən olunmasıdır. Məhz səhmin üzərində yazılın dəyər onun nominal dəyəri, bazarda səhmə verilən dəyər isə real dəyər olaraq qəbul olunur.
Dövlət özəlləşdirmə çeklərin investisiya qiymətli kağızı olduğu bir mənalı olaraq hamı tərəfindən qəbul olunur. Belə ki, dövlət özəlləşdirmə çekləri, hər bir Azərbaycan vətəndaşına dövlət əmlakından verilmiş dövlət özəlləşdirmə payılarının qiymətli kağıza bağlanaraq ödəniş vasitəsi kimi istifadəsini və tədavülünü asanlaşdırmaqdır məqsədi ilə dövlət tərəfindən çıxardılaraq vətəndaşlara verilmişdir.
Lakin dövlət özəlləşdirmə çeklərinin nominal dəyərinin hamı üçün eyni olan məbləğ formasında qanunvericilikdə birbaşa tənzimlənməmiş olmasının meydana gətirdiyi nəticələr və xüsusilə hüquq pozuntularıdır.
Belə ki, I Dövlət Proqramının “Dövlət özəlləşdirmə payı” adlanan 3-cü bölməsinin 4-cü, 6-cı və 7-ci abzaslarını nəzərə alaraq deyə bilərik ki, dövlət özəlləşdirmə çeklərin hər biri nominal (əmlak) dəyəri inflyasiyanın təsirindən qorunan və eyni (bərabər) olan maddi ekvivalent olub, özəlləşdirmənin başlandığı ana qədər qeydə alınmış Azərbaycan Respublikasının hər bir vətəndaşına qanun əsasında dövlət əmlakından verilmiş paydır (mülkiyyətdir). Lakin həmin dəyərin nə qədər olduğu isə qanunvericilikdə birbaşa tənzimlənmir. Bu isə vətəndaşların mülkiyyət və bərbərlik hüquqlarının pozulmasına, manipulyasiyanın saylarının artmasına və digər mənfi hallara səbəb olur. Ona görə də hesab edirik ki, dövlət özəlləşdirmə çeklərin nominal dəyərinin (qiymətinin) qanunvericilikdə birbaşa tənzimlənməsi vətəndaşların mülkiyyət və bərbərlik hüquqlarının qorunması, manipulyasiyanın qarşısının alınması, dövlətin öhdəliyinin kokretləşdirilməsi və digərləri baxımından faydalıdır.
Mübariz Yolçiyev
Bakı Dövlət Universiteti Hüquq fakültəsinin dosenti, Vəkillər Kollegiyasının üzvü
Sübhan Əliyev
Bakı Dövlət Universiteti Hüquq fakültəsinin dosenti, hüquq elmlər doktoru, Vəkillər Kollegiyasının üzvü