"Azərsu" əməkdaşının öldüyü qəza ilə bağlı qərar verildi

Beyləqanda ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Çingiz Rəhimovun (ad-soyad şərtdir) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

E-huquq.az-ın məlumatına görə, Beyləqan Rayon məhkəməsində hakim Ramiz Nurullayevin sədrliyi ilə keçirilən porsesdə hökm oxunub.

Hökmə əsasən, Ç.Rəhimov Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay azadlıqdan məhrum edilib.

Qeyd edək ki hadisə ötən ilin iyul ayında baş verib. Belə ki, Ç.Rəhimovun idarə etdiyi "Toyota- Corolla" markalı avtomobil Yuxarı Qarabağ kanalı-Daşburun avtomobil yolunun 21-ci kilometirliyində Daşburun stansiyası istiqamətində hərəkətdə olarkən X.Məmmədovun idarə etdiyi "Mercedes Benz" markalı avtomobillə toqquşub. Hadisə nəticəsində "Mercedes Benz" markalı avtomobildə sərnişin qismində əyləşmiş Üzeyir Əliyev ağır xəsarət alıb. Xəstəxaya yerləşdirilən yaralının həyatını xilas etmək olmayıb.

Qeyd edək ki, Ü.Əliyev "Azərsu" ASC-də maşinist vəzifəsində çalışırmış.

Şəbnəm Mehdizadə