- 12:13 | 14.01.2025
- Vəkillik
Cari il yanvarın 11-də Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı ilə “Əsassız varlanma: mahiyyəti və hüquqi problemlər” mövzusunda əyani qaydada interaktiv təlim keçirilib.
Bu barədə e-huquq.az-a Vəkillər Kollegiyasından məlumat verilib.
Təlimdə açılış nitqi ilə çıxış edən Vəkillər Kollegiyası Akademiyasının rektoru, professor Əmir Əliyev iştirakçıları Kollegiyanın sədri Anar Bağırovun adından salamlayıb və mövzunun aktuallığı ilə bağlı xüsusi məqamlara toxunub. Sonra qeyd olunub ki, təlimçi, Ali Məhkəmənin Mülki və Kommersiya işləri üzrə məhkəmə təcrübəsi sektorunun müdiri, hüquq üzrə fəlsəfə doktoru, dosent Nazənin Hüseynovanın 2024-cü ildə nəşr edilən “Mülki hüquqdan kazuslar” adlı yeni kitabında əks olunan məsələlər vəkillər üçün də əhəmiyyətlidir.
Həmçinin Baş redaktoru Vəkillər Kollegiyasının sədri Anar Bağırov olan “Azərbaycan vəkili” elmi-praktik hüquq jurnalı iştirakçılara təqdim olunub, jurnalın elmi əhəmiyyəti onların diqqətinə çatdırılıb.
Təlimin əsas hissəsində hüquq üzrə fəlsəfə doktoru, dosent Nazənin Hüseynova mülki doktrina və qanunvericiliyə görə əsassız varlanma, əsassız varlanmadan yaranan öhdəliklər, o cümlədən qanundan əmələ gələn öhdəliklər, əsassız varlanma fürsətləri, müvafiq mövzu üzrə təcrübədəki əsas problemlər və digər praktik məsələlər barədə ətraflı çıxış edib.
Daha sonra vəkillər əsassız varlanma barədə öz təcrübələrinə əsaslanaraq fikirlərini bölüşüblər.
Təlim interaktiv formada davam edib və yekunda vəkillərin müvafiq sahədə çoxsaylı sualları cavablandırılıb, xatirə şəkli çəkilib.
Qeyd edək ki, təlimdə Vəkillər Kollegiyasının 40 üzvü iştirak edib.