“WhatsApp” statusuna görə arvadını döyən şəxsə elektron qolbaq taxıldı

Hacıqabulda həyat yoldaşını döyməkdə təqsirləndirilən Ələsgər Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

E-huquq.az-ın məlumatına görə, hakim Nüsrət Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Ə.Vəliyev Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək ona 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) növündə cəza təyin edilib.

Qeyd edək ki, Ə.Vəliyev Biləsuvar rayonu Ağalıkənd kəndində yerləşən birgə yaşadıqları evdə arvadı Nazilə Vəliyeva ilə ailə-məişət münasibətləri zəminində mübahisə edib. O, Nazilənin öz “WhatsApp” hesabında geyim əşyalarının satışı ilə bağlı paylaşım etməsinə irad bildirərək həmin şəkilləri silməsini tələb edib. Bu səbəbdən aralarında yaranmış mübahisə zamanı arvadının saçından tutub dartıb,, baş və sol qulaq nahiyəsinə bir neçə dəfə yumruq və sillə ilə zərbələr vurub.

Şəbnəm Mehdizadə