- 12:07 | 09.01.2025
- Məhkəmə
Masazırda kirayə yaşadığı evdəki məişət əşyalarını oğurlayaraq satmaqda təqsirləndirilən Cavid Orucovun (ad-soyad şərtidir) cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
E-huquq.az-ın məlumatına görə, hakim Abusət Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, C.Orucova 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası (elektron qolbaq) təyin edilib.
Qeyd edək ki, C.Orucov Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş-93” yaşayış kompleksində kirayədə yaşayarkən həmin mənzilin qonaq otağından bir ədəd 1200 manat dəyərində kondisioneri, bir ədəd 700 manat dəyərində televizoru, mətbəxdən bir ədəd 500 manat dəyərində markalı soyuducunu və bir ədəd 1500 manat dəyərində markalı paltaryuyan maşını gizli olaraq talayıb, zərərçəkmişə ümumilikdə 3900 manat məbləğində ziyan vurmaqla oğurluq edib.
C.Orucov ona qarşı Cinayət Məcəlləsnin 177.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. Deyib ki, həmin evdən yalnız bir ədəd kondisioneri (mühərriki ilə birlikdə) oğurlayıb "Tap.Az" internet saytında tanımadığı şəxsə 300 manata satıb. Zərərçəkmiş şəxsin ondan tələb etdikləri ilə razı deyil, belə ki, o, bir ədəd 700 manat dəyərindəki televizoru, mətbəxdə olan bir ədəd 500 manat dəyərindəki soyuducunu və bir ədəd 1500 manat dəyərindəki paltaryuyan maşını oğurlamayıb. .Əlavə olaraq bildirib ki, evi kirayədə yaşamaq üçün təhvil götürərkən həmin əşyalar orada olmayıb.
Şəbnəm Mehdizadə