- 11:52 | 09.01.2025
- Məhkəmə
Abşeronda taksi sürücüsünə qarşı soyğunçuluq etməkdə təqsirləndirilən Cəfər İsmayılovun (ad-soyad şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
E-huquq.az-ın məlumatına görə, Abşeron Rayon Məhkəməsində hakim Abusət Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, C.İsmayılov Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə təqsirli bilinərək 03 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, C.İsmayılov ötən ilin avqust ayında Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yaşayan qohumunun evinə qonaq getmək üçün Bakı şəhəri, Yasamal rayonu ərazisində 20 Yanvar deyilən yerdə dayanmış taksi sürücüsü ilə 15 manata razılaşıb. O, qeyd olunan ünvana çatdıqda avtomobildən düşüb ayaq üstə sürücüyə 100 manat pul uzadaraq, 15 manatı çıxmaqla qalan hissəsini qaytarmağı deyib, lakin sürücü ona xırda pulu olmayacağını deyib. Sürücü təklif edib ki, 100 manatı xırdalaması üçün ona versin. O, sürücüyə inanmayıb təklif edib ki, xırda qaytarası olduğu 85 manat pulu ona versin ondan sonra o, 100 manatı verəcək. Sonra qonaq getdiyi evdən 15 manat pul gətirib ona verəcəyini deyib mənzilin blokuna girib, lakin taksi sürücüsü ona inanmayıb avtomobildən düşüb onun ardı ilə gəlmək istəyib. Bu zaman aralarında mübahisə yaranıb. Cəfər taksi sürcüsünü itələyib, sürücü zərbədən arxası üstə yerə yıxılıb və əlində olan mobil telefonu yerə düşüb. Bu zaman Cəfər taksi sürücüsünə məxsus "Samsung Galaxy" markalı mobil telefonu yerdən götürüb qaçaraq uzaqlaşıb. Taksi sürücüsü nə qədər arxasınca gəlsə də, ona çata bilməyib.
Təqsirləndirilən şəxs məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirib ki, telefonu götürməklə məqsədi zərərçəkmişi çəzalandırmaq olub, onu vurmasının səbəbi əmkakını ələ keçirmək deyil təhqiredici ifadələrinə cavab olaraq olub. Sonradan telefonu özündə saxlamaq istəməyib lombarda girov qoyub ki, bir müddət sonra əsəbi soyuyar və sahibinə qaytarar.
Cəfər sonda etdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməklə barışıq əldə etməsini və sonuncunun ona qarşı şikayət və tələblərinin olmamasını, himayəsində ailə üzvlərinin olmasını bildirməklə, barəsində yüngül cəza təyin edilməsini xahiş edib.
Taksi sürücüsü də Cəfəri onun özünə görə deyil, ailəsinə və uşaqlarına görə bağışladığını, ondan şikayətçi olmadığını bildirib.
Şəbnəm Mehdizadə