- 17:56 | 06.01.2025
- Məhkəmə
Bakıda ev satmaq adı ilə vətəndaşlara qarşı dələduzluq etməkdə təqsirləndirilən Vüsal Mirzəyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
E-huquq.az-ın məlumatına görə, Yasamal Rayon Məhkəməsində hakim Rəşad Cavadzadənin sədrliyi ilə keçirilən oprosesdə hökm oxunub.
Hökmə əsasən, Vüsal Mirzəyev Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.
Qeyd edək ki, Vüsal Mirzəyev Nəsimi rayonu, Həsən Əliyev küçəsində yerləşən "London evləri" kimi tanınan yaşayış kompleksindəki özünə məxsus olmayan mənzillərin birinin fotoşəkillərini çəkib, internet səhifəsində yerləşdirərək həmin mənzilin özünə məxsus olmaqla satışa qoyulması ilə bağlı yalan məlumatlar yazıb. Həmin mənzilin alınması ilə bağlı ona zəng etmiş şəxslərə özünü başqa adla təqdim edərək mənzili satmasına dair yalan vədlər verib beh almaqla ümumilikdə 2500 manat məbləğində dələduzluq edib.
O, məhkəmədə ifadəsində törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını nəzərə alaraq barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş yüngül cəzanın seçilməsini xahiş edib.
Zərərçəkmiş şəxslər isə onlara vurulmuş zərər ödənilmədiyindən təqsirləndirilən şəxsdən şikayətçi olduqlarını və qanunverciliyə uyğun olaraq cəzalandırılmasını xahiş ediblər.
Şəbnəm Mehdizadə