- 17:35 | 06.01.2025
- Məhkəmə
Şirvan Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa zərər vurmada və torpaq sahəsini özbaşına tutmada təqsirləndirilən Azər İsayevin (ad, soyad şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb.
E-huquq.az-ın məlumatına görə, ahkim Elçin Xasməmmədovun sədrliyi ilə keçirilən prosesdə şikayət qismən təmin edilib.
Belə ki, Azər İsayevə Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə bəraət verilib.
Qeyd edək ki, Lənkəran Rayon Məhkəməsinin hökmünə görə təqsirləndirilən şəxs, 2015-ci il tarixdən etibarən Lənkəran rayonunun Boladi kənd ərazisində yerləşən özünün xüsusi mülkiyyətində olan 2,0 hektar torpaq sahəsinə bitişik Lənkəran rayonunun Boladi bələdiyyəsinin istifadəsində olmaqla 4,48 hektar kənd təsərrüfatı (əkin və tikilialtı) təyinatlı torpaq sahəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan özbaşına dəmirdən olan tikanlı məftillə su kanalı boyunca hasarlayıb tutaraq, həmin torpaq sahəsində özbaşına kartof, buğda, arpa, qarğıdalı və çiyələk əkib-becərib.
Bundan başqa, o, yaşadığı Lənkəran rayonunun Boladi kəndi ərazisində yerləşən su kanalının kənarında həmkəndlisi ilə torpaq sahəsi və torpaq sahəsinin kənarında yerləşən su kanalının içərisinə çəkilmiş dəmir setka çəpərə görə aralarında yaranmış şəxsi qərəzli münasibətlər zəminində mübahisə edib dalaşıb və əli ilə qəsdən zərərçəkmiş şəxsi itələyib yerə yıxaraq sonuncuya xəsarət yetirib.
A.İsayev CM-nin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 il, CM-in 188.3-cü maddəsi ilə isə 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Həmin cəzalar CM-in 66.2-ci maddəsinə əsasən qismən toplanılmaqla ona 3 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması təyin edilib.
Şəbnəm Mehdizadə