Vəkil etiraz etdi: "Ədliyyə Nazirliyi bizə normal şərait yaratsın"

"Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında vəkillər üçün normal şərait yaradılsın".

E-huquq.az xəbər verir ki, bu barədə vəkil Elçin Əhmədov sosial şəbəkə səhifəsində yazıb. 

O, ilk növbədə qeyd edib ki, Bakı İstintaq Təcridxanasına daxil olan vəkillərdən əvvəlki qaydadan fərqli olaraq, şəxsiyyət vəsiqəsi də tələb edilir: "Buna çox hörmətlə yanaşırıq, bütün qaydalara riayət etmək bizim borcumuzdur. Lakin vəkillər ora sadəcə istintaq otaqlarına gedir".

Daha sonra vəkil Bakı İstintaq Təcridxanasında üzləşdikləri çətinliklərdən danışıb: "Ölkəmizin ən böyük istintaq təcridxanasında cəmi 4-5 komputer var ki, hər biri də artıq öz ömrünü yaşayıb. Hətta orada olan printerlərdə cəmi 1 ədəd katric var ki, onu da növbə ilə istifadə edirik. Rəhbərliyinizdən xahiş edirik ki, biz vəkillərə orada normal şərait yaradılsın. İçəri heç birimiz noutbuk keçirə bilmirik ki, müdafiə etdiyimiz şəxsdən bizə lazım olan sənədləri yazaq. Orada olan komputerlər də işə düşürsə, böyük şeydir. Amma bizə verilmir, ancaq müstəntiqlər üçündür. Xahiş edirəm ki, bu məsələyə də diqqət ayrılsın.

Şəbnəm Mehdizadə