Piyadanın ölümündə ittiham olunan avtobus sürücüsünə hökm oxundu

Bakının piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Əbülfəz Əlləzova hökm oxunub.

E-huquq.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə Əbülfəz Əlləzov 5 il müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 1956-cı il təvəllüdlü Ə.Əlləzov 217 saylı marşrut üzrə idarə etdiyi "Daewoo" markalı avtobus Sabunçu rayonu, Şəhər Yolu şosesi ilə H.Əliyev prospekti istiqamətində hərəkətdə olarkən yolu keçən piyada 1988-ci il təvəllüdlü Nəsirov Elsevər Vəli oğlunu vurub. Ağır xəsarət alan piyada dünyasını dəyişib. 

Araşdırmalar zamanı məlum olub ki, Ə.Əlləzov “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə zidd olaraq sürücülük vəsiqəsinin “D” və “D1” kateqoriyalarının etibarlılıq müddətləri bitdiyindən həmin kateqoriyaya aid nəqliyyat vasitəsini idarə etmək hüququ, həmçinin etibarnaməsi (yol vərəqi) olmadan avtobusu idarə edib. Ona qarşı Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə