İngiltərədə 56 min evsiz uşaq var

İngiltərədə ən az 56 min ibtidai sinif şagirdi yeni ilə evsiz girəcək.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, mənzil probleminə diqqət çəkən "Shelter" xeyriyyə təşkilatı hökuməti sosial evlərin tikintisini sürətləndirməyə çağırıb.

Təşkilatın təhlilinə görə, Londonda hər 24 uşaqdan biri müvəqqəti yaşayış yerlərində yaşayır. Şərqi Londonun Nyuham rayonunda bu nisbət hər 9 uşaqdan biri olaraq hesablanıb. Birmingemdə hər məktəbdə orta hesabla 15 uşaq evsizdir. İngiltərə daxilində müvəqqəti yaşayış yerlərində yaşayan uşaqların sayı 160 minə çatıb. Ümumilikdə 123 min 100 ailə otel və ya qısa müddətli kirayə mənzillərdə qalmağa məcburdur.

Hökumət mənzil problemini azaltmaq üçün yerli hakimiyyət orqanlarına 1 milyard funt sterlinq əlavə maliyyə ayıracağını açıqlayıb.

Məsələ ilə bağlı açıqlama verən baş nazirin müavini Angela Rayner deyib: “Bu Milad bayramında 160 min uşağın daimi evdə yaşaya bilməməsi qəbuledilməzdir. Biz bu problemi kökündən həll etmək üçün tədbirlər görürük.  Yeni fond evsiz ailələri müvəqqəti yaşayış yeri ilə təmin etmək və küçələrdə yaşayan şəxslərə dəstək xidmətlərini artırmaq məqsədi daşıyır. Bu investisiya evsizliyə son qoymaq üçün dönüş nöqtəsi olacaq".

Şəbnəm Mehdizadə