Tanınmış idmançı və sahibkar: "Ədliyyə Nazirliyinin sabiq idarə rəisi qanunsuz olaraq məni obyektdən çıxarmaq istəyir"

Tanınmış idmançı, dünya çempionu, sahibkar Ələkbər Həbibov Bakı şəhəri, Səbail rayonu, Nizami 96 ünvanında yerləşən və icarə əsasında idarə etdiyi məkandan qanunsuz və ədalətsiz olaraq çıxarıldığını iddia edir.

E-huquq.az-a müraciət edən sahibkar bildirib ki, “Haven” adlı restoranın yerləşdiyi həmin obyekti faktiki olaraq 2017-ci ildən icarəyə götürüb.  Bugünədək icarədar ilə aralarında heç bir narazılığın olmadığı halda icarədar birdən-birə aralarındakı müqaviləyə xitam vermək qərarına gəlib.

“15 ildir ki, biznes fəaliyyəti ilə məşğulam. 2017-ci ildə təsadüfən belə bir məkanın icarəyə verilməsi barədə elanı gördüm. Elanda qeyd olunan telefon nömrəsi vasitəsilə əlaqə saxladım və buranı icarəyə götürmək barədə niyyətimi bildirdim. Bununla əlaqədar olaraq obyektin faktiki sahibi olan və o zaman Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin rəisi vəzifəsində çalışan, ədliyyə generalı İlqar Məmmədovla görüşdüm. Biz danışıb razılaşdıq. İlqar müəllim məni əmin etdi ki, buranı tam arxayın işlədə bilərəm və heç bir halda məndən geri istəməyəcəklər. Dedi ki, sən götür buranı təmir elə və işlət. Sözügedən obyekt faktiki olaraq İlqar Məmmədovun olsa da, rəsmi olaraq dayısı Mahmud Kərimovun adınadır. Biz başlanğıc üçün aylıq 11 min manat icarə haqqı ödəmək barədə razılaşdıq. Bundan sonra mən burada əsaslı təmir işlərinə başladım. Nəzərinizə çatdırım ki, restoranımızın yerləşdiyi bu bina 1896-cı ildə tikilib və tamamilə yararsız və qəzalı vəziyyətdə idi. Hətta daha öncə burada yanğın hadisəsi baş verdiyinə görə məkan tanınmaz hala düşmüşdü. Buna baxmayaraq, mən buranı icarəyə götürdüm və 1 il 2 ay müddətində burada təmir-bərpa işləri apardım. Əlbəttə, söhbət elə-belə az xərc tələb edən təmirdən getmir. Sahəsi təxminən 1000 kvadrat metrdən çox olan bu obyektin indiki vəziyyətinə gəlib çatması üçün çox böyük işlər görülüb və təmir-bərpa, quraşdırılma, bərkitmə işlərinə təxminən 2,5 milyon manat xərc çəkmişəm. Obyektin zirzəmisində də böyük həcmli bərkitmə işləri aparılıb. Təmir-bərpa və s. işlərlə yanaşı, obyektdə xüsusi dizayn-interyer işləri də görülüb, xüsusi sifarişlə avadanlıqlar, texnika və mebel dəstləri alınıb. Onu da qeyd edim ki, təmir işləri bitənədək hələ biz rəsmi icarə müqaviləsi bağlamamışdıq. Təsəvvür edin ki, mən İlqar Məmmədovun sözünə necə güvənmişdimsə, bütün bu xərci şifahi qaydada əldə etdiyimiz razılaşmaya əsaslanaraq çəkmişdim. Xatırlayıram ki, o vaxt təmir işləri başa çatanda İlqar Məmmədov gəlib məkana baş çəkmişdi və burada olan dəyişikliklərə, yaradılan şəraitə təəccübünü dilə gətirmişdi. Demişdi ki, mən buranın bu dərəcədə təmir olunacağını gözləmirdim”, - deyə Ə.Həbibov qeyd edib.

Onun sözlərinə görə, tərəflər arasında icarə müqaviləsi 2018-ci ildə bağılanıb: “Biz 2018-ci ildə İlqar Məmmədovun dayısı, obyektin formal sahibi Mahmud Kərimovla müqavilə bağladıq. İlkin mərhələdə müqavilə 1 illik imzalanmışdı və hər il müddəti uzadılacaqdı. Məkan "Haven" adı ilə faəliyyətə başladı və öz interyeri, ab-havası, yüksək səviyyədə göstərilən xidmət nəticəsində qısa müddətə şəhərimizin ən sevilən məkanlarından birinə çevrildi. Lakin təəssüf ki, bir müddət sonra COVID-19 pandemiyası səbəbindən karantin rejimi tətbiq edildi və kafe-restoranların fəaliyyətinə qadağa qoyulduğundan biz də işləyə bilmədik. 2 il ərzində biz restorandan heç bir xeyir götürə bilmədik. Buna baxmayaraq, icarə haqqını vaxtında ödəməyə davam edirdim. Yəni, mən heç bir halda məkanın sahibi üçün çətinlik, narazılıq yaratmamışam. Bundan əlavə, kommunal ödənişləri, işçilərin əmək haqlarını, vergi ödənişlərini və s. hər birini vaxtında etmişəm. Bir sahibkar kimi həm dövlətimə, həm də mənimlə çalışan insanlara xeyir vermişəm. Qeyd edim ki, 2018-ci ildə 11 min manat olan aylıq icarə haqqı 2021-ci ildə 15 min manata, 2024-cü ildə isə 18 min manata qaldırılmışdı və mən buna etiraz etməmişdim, ödənişləri vaxtında həyata keçirməyə davam edirdim. Qoyduğum investisiyadan hələ heç bir xeyir götürmədiyim halda mülkiyyətçiyə 1 milyon manatdan çox icarə haqqı ödəmişəm”. 


Sahibkar deyib ki, təxminən 1 ay öncə ondan obyektdən çıxması tələb olunub: “İlqar müəllim dedi ki, məkanı boşalt, nəyin varsa, götür çıx. Bizim bura ilə bağlı başqa planlarımız var. Dedim elə şey olar? Axı biz söz danışmışdıq, bura o qədər xərc çəkmişəm. Digər biznesimi satmışam, kredit götürmüşəm, bütün gücümü bu restoranın inkişafına qoymuşam. İndi gəlib deyirsiz ki, belə. İlqar Məmmədov dedi ki, mənə dəxli yoxdur, biz səni sevmədik. Sənə vaxt veririk, buranı boşalt. Dedim ki, yaxşı, elədirsə, onda bura çəkdiyim xərcin bir hissəsini ödəyin. Bununla da razılaşmadılar. Dedilər ki, sən burdan kifayət qədər xeyir götürmüsən”.

Ə.Həbibovun sözlərinə görə, icarədarın tələbi ilə razılaşmadığı üçün təzyiqlərlə üzləşib: “Dedilər ki, öz xoşunla çıxmasan, icra məmurları gəlib çıxaracaq səni oradan. Mən başa düşmürəm, əgər ortada məhkəmə qərarı yoxdursa, icra məmuru hansı əsasla gəlib məni çıxara bilər ki? Hələ məni polislə də hədələdilər. Yəni, bu cür qanunsuz yollarla mənə təzyiq göstərməyə çalışdılar. Burada 40-dan çox əməkdaş çalışır, evinə çörək pulu aparır, ailə saxlayır. Restoranın bağlanması tək mənə yox, onlara da böyük zərbədir”.

“Deməli, icarə haqqında müqavilədə qeyd olunub ki, tərəflərin qarşılıqlı razılığı ilə müqaviləyə xitam verilə bilər. Lakin onlar mənim razılığım olmadan, yəni birtərəfli qaydada müqaviləyə xitam vermək istəyirlər. Bu, tamamilə qanunsuzdur. Onu da deyim ki, ötən il mənə demişdilər ki, müqaviləni yeniləmək lazımdır, mən də onlara güvəndiyim üçün heç müqavilə ilə tanış olmadan razılaşmışdım. Sən demə, xəbərim olmadan müqaviləyə belə bir bənd daxil ediblər ki, obyekti işlətdiyim dövrdə buranın təmir-tikintisi ilə bağlı görülən hər şey onlara qalsın, yəni mən nəsə tələb edə bilməyim. Həmin müqavilənin təsdiqləndiyi 50 saylı notariat ofisinin notariusu da onların öz yaxın adamları olub. Bir sözlə, mənə qarşı qanunsuz addımlar atılır. Sahibkar kimi fəaliyyətimə maneə törədilir. Buna görə də artıq məhkəməyə müraciət etmək qərarına gəlmişəm. Xahiş edirəm ki, bu məsələ hərtərəfli, obyektiv araşdırılsın və qanuni, ədalətli qərar qəbul edilsin”, - deyə Ə.Həbibov bildirib. 

Qeyd edək ki, tanınmış idmançı karyerası dövründə bir çox uğurlara imza atıb. Müxtəlif idman növləri üzrə dəfələrlə respublika birincisi olub. O, 2009-cu ildə pankrationun aqon növü üzrə qızıl medal qazanaraq dünya çempionu olub. Hazırda boks idman növü ilə məşğuldur. Ə.Həbibov tanınmış heykəltaraş İbrahim Zeynalovun nəvəsidir.