- 15 noyabr 12:18
- Məhkəmə
Bakıda tanışını qətlə yetirməkdə təqsirləndirilən Elşən Bayramovun cinayət işi üzrə məhkəmə prosesində şahidlər dindirilib.
E-huquq.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə ilk olaraq təqsirləndirilən şəxsin vəkili məhkəməyə vəsatət təqdim edib.
O vəsatətində bildirib ki, ATV kanalında Zaur Baxşəliyevin təqdimatında yayımlanan "Bizimləsən" verilişində aparıcı bu işdə olan şahidə təsir edib, istintaq sirri olan cinayət işinin materiallarını səsləndirilib. Vəkil məhkəmədən televiziya kanalına xəbərdarlıq edilməsini xahiş edib.
Zərərçəkmiş şəxsin nümayəndəsi isə TV-də verilişin aparılmasının qanunla tənzimləndiyini bildirib.
Zərərçəkənin anası Xaliqə Əliyeva cinayət işinin obyektiv aparılmadığını söyləyərək sözügedən verlişdə iştirak etməyə davam edəcəyini bildirib və təqsirləndirilən şəxsin vəkilinin vəsatətinin təmin olunmamasını istəyib.
Dövlət ittihamçısı Valeh Ələkbərov da vəsatətin təmin olunmamasını istəyib: "Vəsatət hüquqi tərəfdən düzgün deyil. Məhkəmə obyektiv aparılır. TV-də bu işin araşdırılması düzgün deyil".
Məhkəmə yerində müşavirə edərək vəkilin vəsatətinin qismən təmin olunması barədə qərar çıxarıb və Xaliqə Əliyevaya xəbərdarlıq olunub.
Sonra zərərçəkənin anası Xaliqə Əliyeva və şahid Günay Xanışova ifadə veriblər.
Məhkəmə prosesi dekabrın 6-na təyin olunub.
Xatırladaq ki, hadisə bu il martın 6-da Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində qeydə alınıb. Belə ki, 1998-ci il təvəllüdlü İlham Haqverdiyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla 2006-cı il təvəllüdlü Məzahir Bayramovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı tanışı İlham Haqverdiyevi kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Ona qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Orxan Rasifoğlu