- 12:10 | 13.11.2024
- Ekspert məqalələri
Avropa İttifaqında, xüsusən həm sənaye, həm də məişət binalarının enerji istehlakı sahəsində enerjiyə qənaət məsələlərinə böyük əhəmiyyət verilir. Məişət binaları və ofislər ümumi enerji istehlakında ən çox paya malikdir, buna görə bu obyektlər kateqoriyasında enerji istehlakının azaldılmasına ciddi diqqət yetirilir.
Məsələn, Binaların Səmərəliliyi üzrə Avropa İnstitutu (BPIE) yeni və mövcud binalarda sağlam mənzilin reallaşdırılması üçün strategiyaların tədqiqi, təhlili və işlənib hazırlanması ilə məşğul olur.
Bununla yanaşı, binaların inkişaf strategiyası həm yeni və tikilməkdə olan, həm də köhnə binalarda enerji istehlakının azaldılması ilə bağlı iddialı tələbləri ehtiva edir, bu da sonuncuların enerjidən daha səmərəli istifadə istiqamətində konvertasiyasını nəzərdə tutur.
Digər bölmə - Binalara Nəzarət üzrə Avropa Konsorsiumu (CEBC) ən optimal təcrübi modellərin işlənib hazırlanması üçün sənaye tendensiyalarının monitorinqi əsasında informasiyanın toplanması və təhlili ilə məşğul olur. Xüsusən, konsorsium üzvləri təhlükəsizlik, sağlamlıq, əlçatanlıq, enerjiyə qənaət və binaların ekologiyasında sabitlik baxımından binalara nəzarət, qanunvericilik aktlarının və standartların işlənib-hazırlanması məsələləri ilə məşğul olur.
Çox sayda bu cür təşkilatın fəaliyyəti nəticəsində və sayəsində Avropada binaların enerji səmərəliliyini qiymətləndirməyə imkan verən standartlar, qanunvericilik aktları, təlimat materialları, təcrübi məcəllələr və digər materiallar hazırlanıb və istifadə olunur.
Ümumilikdə, müxtəlif institutların bütün fəaliyyəti Avropa İttifaqının rəhbərliyi tərəfindən irəli sürülmüş təşəbbüslərə söykənir. Onlar aşağıdakılardan ibarətdir:
Avropa İttifaqının təşəbbüsləri:
1. Sıfıra yaxın enerji istehlakı olan binalar (NZEB):
● Aİ 2020-ci ilə qədər bütün yeni binaların sıfıra yaxın enerji istehlakı olan binalar olmasına çalışır. NZEB çox yüksək enerji xüsusiyyətlərinə malikdir, onların ehtiyacı olan az miqdarda enerji isə əsasən bərpa olunan mənbələrdən daxil olur.
2. Təmir strategiyaları:
● Üzv dövlətlər 2050-ci ilə qədər milli bina fondlarının yüksək enerjili və karbonsuzlaşdırılmış binalara çevrilməsini dəstəkləmək üçün uzunmüddətli yenidənqurma strategiyaları işləyib hazırlamalıdırlar.
3. Maliyyə stimulları və dəstək:
● Aİ binaların enerji səmərəliliyinin artırılmasına dəstək üçün qrantlar, kreditlər və subsidiyalar kimi müxtəlif maliyyələşdirmə və stimul proqramları təqdim edir.
4. Tikinti norma və standartları:
● Yenilənmiş tikinti norma və standartları yeni tikintinin və əsaslı təmirin daha yüksək enerji səmərəliliyi tələblərinə uyğun olacağına zəmanət verir.
Müvafiq olaraq, enerji istehlakı səviyyəsinə görə binaların təsnifatı hazırlanıb.
1. А sinfi (çox az enerji istehlakı):
- Bu sinfə aid binalar olduqca az enerji istehlakı nümayiş etdirir.
- Onlar enerjiyə qənaət nöqteyi-nəzərdən çox səmərəlidir və çox vaxt bərpa olunan enerji mənbələrini ehtiva edir.
Xüsusiyyətləri:
● Ətraf mühitə minimum təsir.
● Kommunal xidmət xərclərinin azaldılması.
● Mədən yanacağından asılılığın azaldılması.
● Sakinlər üçün yüksək rahatlıq səviyyəsi.
2. B sinfi (az enerji istehlakı):
- Bu sinfə aid binalar orta səviyyədən daha az enerji istehlak edir.
- Onlar səmərəli izolyasiyaya, işıqlandırmaya, isitmə, ventilyasiya və kondisiyalaşdırma sistemlərinə malikdir.
Xüsusiyyətləri:
● Ətraf mühitə orta təsir.
● Səmərəli kommunal xərclər.
● Mənzildə rahat şərait.
3. C sinfi (orta enerji istehlakı):
- Bu sinfə ait binalar orta enerji istehlakı diapazonuna uyğundur.
- Onlar əsas enerji normalarına uyğundur, lakin genişləndirilmiş səmərəlilik funksiyalarına malik olmaya bilər.
Xüsusiyyətləri:
● Ətraf mühitə orta təsir.
● Standart kommunal xərclər.
● Kifayət qədər rahatlıq.
4. D sinfi (yüksək enerji istehlakı):
- Bu sinfə aid binalar orta səviyyədən daha çox enerji istehlak edir.
- Onların etibarlı izolyasiyası olmaya bilər, köhnə avadanlıqdan istifadə oluna bilər və ya qeyri-effektiv konstruksiyaya malik ola bilər.
Xüsusiyyətləri:
● Ətraf mühitə yüksək təsir.
● Kommunal ödənişlərin artması.
● Sakinlər üçün mümkün narahatlıq.
5. E sinfi (çox yüksək enerji istehlakı):
- Bu sinfə aid binalar həddindən artıq çox enerji istehlak edir.
- Onlar çox vaxt səmərəliliyin artırılması üçün əhəmiyyətli müasirləşdirmə tələb edir.
Xüsusiyyətləri:
● Ətraf mühitə ciddi təsir.
● Kommunal xidmətlərin qiymətlərinin sürətlə artması.
● Yaşayış və ya iş üçün narahat şərait.
Bu təsnifatlar sabit və dayanıqlı icmalar yaratmaq üçün enerji siyasətini, müasirləşdirmə strategiyalarını və şəhər planlamasını müəyyən etməyə kömək edir.
.
Təsnifat müxtəlif təşkilatlarda işlənib hazırlamış, Avropa İttifaqı tərəfindən uyğunlaşdırılmış formada təsdiq edilmiş standartlar toplusu ilə dəstəklənir. Bu, enerji istehlakına ölçülən nəzarəti həyata keçirməyə və müvafiq tədbirlərin işlənib hazırlanması və tətbiqi vasitəsilə binaların sinfinin yüksəldilməsini planlaşdırmağa imkan verir.
Təsnifata uyğun olaraq, hər bir binaya enerji səmərəliliyi sertifikatı verilir. Sinif aşağıdırsa, qarşıya onun sinfini yüksəltmək tələbi qoyulur. Bundan başqa, Avropa İttifaqına üzv ölkələr enerji səmərəliliyinin artırılması baxımından binaların təkmilləşdirilməsi üzrə strateji planlar işləyib hazırlamalıdırlar.
Nümunə olaraq cədvəldə A sinfinə aid binalar üçün enerji istehlakı göstəriciləri təqdim edilib:
Cədvəldən göründüyü kimi, burada A enerji istehlakı sinfinə aid konkret bina üçün enerji istehlakı, istilik izolyasiyası və CO2 emissiyaları nəzərə alınır.
Azərbaycanın neft, qaz formasında enerji ixrac edən ölkə olduğunu və elektrik enerjisi də ixrac etməyi, etibarlı enerji tədarükçüsü olmağı planlaşdırdığını nəzərə alaraq, qabaqcıl və inkişaf etmiş texnologiyaya malik ölkələrin təcrübəsindən istifadə edərək, binaların enerji istehlakını azaltmaq, eyni zamanda onların ekoloji təmizliyini yaxşılaşdırmaq çox vacibdir. Bu, ekoloji təhlükəsizik nöqteyi-nəzərdən də vacibdir.
Başlanğıc mərhələlərində yeni tikilməkdə olan binalara dair tələblər müəyyən edilə və müvafiq binalar sertifikatlaşdırıla, sonradan mövcud binalar üçün enerji səmərəliliyinin və ekoloji təmizliyinin artırılması üzrə tədbirlər işlənib hazırlana bilər.
Bu, enerji xərclərini azaltmağa və bununla da ölkənin ixrac potensialını xeyli artırmağa, atmosferə tullantıları, bununla da ətraf mühitə mənfi təsiri azaltmağa, yaşayış şərtlərini yaxşılaşdırmağa imkan verərdi.
Şaiq Mirzəyev
Vəkillər Kollegiyasının üzvü, hüquq elmləri üzrə fəlsəfə doktoru