- 07 noyabr 11:45
- Məhkəmə
Ölkəyə müxtəlif təyinatlı tibbi avadanlıqlar gətirəcəyi vədi verərək etibardan sui-istifadə yolu ilə müxtəlif insanlara qarşı dələduzluq etməkdə təqsirləndirilən Ramin Məhərrəmovun cinayət işi üzrə məhkəməsi başlayıb.
E-huquq.az-ın verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmovun sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxslərin eləcə də zərərçəkmiş şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Məlum olub ki, iş üzrə 10 nəfər zərərçəkmiş qismində tanınıb.
Ümumilikdə vətəndaşlara dəymiş ziyan 174 min manatdır.
Dövlət İttihamçısı Ziya Mansurov çıxış işin məhkəmə baxışına verilməsini təklif edib.
Məhkəmə qısa müşavirədən sonra işin baxışa verilməsini və təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması ilə bağlı qərar qəbul edib.
Məhkəmənin ilk hazırlıq iclası noyabrın 20-nə təyin edilib.
Qeyd edək ki, ölkəyə müxtəlif təyinatlı tibbi avadanlıqlar gətirəcəyi vədi verərək etibardan sui-istifadə yolu ilə müxtəlif insanlara qarşı dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Qeyd olunub ki, zərərçəkənlərdən daxil olan şikayətlər əsasında Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir nəticəsində həmin şəxs - 1981-ci il təvəllüdlü Ramin Məhərrəmov tutularaq istintaqa təqdim edilib.
Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Orxan Rasifoğlu