İki nəfəri öldürüb meyitlərini yandırmaqda təqsirləndirilən şəxsə ömürlük cəza verildi
- 30 oktyabr 12:41
- Məhkəmə
Qubada 5 il əvvəl qətl törətməkdə təqsirləndirilən Osman Ömərov və Əflatun Əspəndiyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
E-huquq.az-ın əldə etdiyi məlumata görə, bu barədə qərar Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Hafiz Əliyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Dövlət ittihamçısı Orxan Rüstəmov məhkəməyə Osman Ömərovun ömürlük, Əflatun Əspəndiyev 20 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Vəkil müdafiə çıxışı etdikdən sonra təqsirləndirilən şəxslər son söz deyiblər.
Məhkəmə müşavirəyə gedib qayıtdıqdan sonra hökmü elan edib.
Hökmə əsasən, Osman Ömərov ömürlük, Əflatun Əspəndiyev isə 18 il müddətinə azadlıqdan məhrum ediliblər.
Qeyd edək ki, 7 iyul 2017-ci il tarixdə Quba rayonunun Küpçalqışlar kəndi ərazisindəki Qudyalçayın üzərindəki körpünün altında yandırılan "VAZ-2106" markalı avtomobilin içərisində Xaçmaz rayon sakinləri - 1984-cü il təvəllüdlü Rəhman İşıqov və 1998-ci il təvəllüdlü Ülviyyə Məmmədovaya məxsus yanmış meyitlərin aşkar olunması faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb istintaq aparılsa da, cinayəti törətmiş şəxsi (şəxsləri) müəyyən etmək mümkün olmadığından iş üzrə icraat dayandırılıb.
Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən cinayət işi yenidən öyrənildikdən sonra 25.04.2022-ci il tarixdə iş üzrə dayandırılan icraat təzələnib, həyata keçirilən çoxsaylı istintaq və əməliyyat tədbirləri ilə Xaçmaz rayon sakini, 1994-cü il təvəllüdlü Osman Ömərovun 6 iyul 2017-ci il tarixdən 7 iyul 2017-ci il tarixə keçən gecə Ülviyyə Məmmədova və Rəhman İşıqovla yaşadığı kəndin ərazisində görüşüb aralarında yaranmış mübahisənin gedişində Ülviyyə Məmmədovanı deşici alətlə vurub xəsarət yetirməsindən sonra Rəhman İşıqovla aralarında baş verən mübahisə ilə əlaqədar üzərində gəzdirdiyi bıçaqla sonuncunun bədəninin müxtəlif nahiyyələrinə xəsarətlər yetirib, daha sonra cinayətin izini itirmək üçün yol-nəqliyyat hadisəsi görüntüsü yaratmaq məqsədilə Ülviyyə Məmmədova və Rəhman İşıqovun meyitlərini sonuncuya məxsus avtomobilin içərisində Qudyalçayın üzərindəki körpünün altında yandırmasına əsaslı şübhələr müəyyən edilib.
Toplanan mötəbər sübutlar əsasında Osman Ömərov 19 may 2022-ci il tarixdə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə cinayət məsuliyyətinə cəlb edilib.
Orxan Rasifoğlu