Mətləb Bağırovun məhkəməsində şahidlər dindirildi

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmədovanın sədrliyi ilə Cinayət Məcəlləsinin 167-3.1 (dini ekstremist materialları saxlama), 193.2.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə yalançı sahibkarlıq), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pulları leqallaşdırma), 162-1.1 (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) və digər maddələri ilə təqsirləndirilən şəxs Bağırov Mətləb Mirzəmməd oğlunun növbəti məhkəmə prosesi keçirilib.

E-huquq.az-ın məlumatına görə, məhkəmənin gedişində Mətləb Bağırovun xarici ölkələrdən cinayət yolu ilə əldə etdiyi pul vəsaitlərini qaçaqmalçılıq yolu ilə ölkəyə gətirməsi və ölkədə leqallaşdırması ilə bağlı cinayət işinin detalları barədə şahidlər dindirilib.

Məhkəmənin növbəti iclası 25 noyabr tarixinə təyin olunub.

Qeyd edək ki, Hacı Mətləb kimi tanınan Mətləb Bağırov xaricdə dini təhsil alıb, "İnterAz" və "SalamNews" informasiya agentliklərinin təsisçisi olub. O, 2023-cü il yanvarın 30-da Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə həbs olunub. Cinayət işi üzrə zərərçəkmiş qismində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tanınıb. Ona qarşı cinayət yolu ilə əldə olunmuş əmlakı leqallaşdırma, vergidən yayınma və digər maddələrlə ittiham verilib.

Orxan Rasifoğlu