135 min manat dələduzluqda təqsirləndirilən şəxsə 7 il cəza

Külli miqdarda dələduzluqda təqsirləndirilən Yadigar Bilalova hökm oxunub.

E-huquq.az-ın məlumatına görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Hökmə əsasən, Yadigar Bilalov 7 il müddətinə azadlıqdan məhrum edilib. 

Xatırladaq ki, dövlət ittihamçısı Tural Yaqubov məhkəmədən təqsirləndirilən şəxsin 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. 

İttihama görə, Yadigar Bilalov 3,5 kq qızıl-zinət əşyalarını Türkiyə Respublikasından gətirmək məqsədi ilə Xuraman Məmmədovadan yuxarıda sadalanan məbləği alıb. 

Cinayət işində 2 nəfər - İbrahimov İlqar David oğlu və Məmmədova Xuraman Mədət qızı tanınıb. Yadigar Bilalov 1-ci şəxsə 95 min, 2-ci şəxsə isə 44750 min manat dələduzluq edib. Zərərçəkmiş İlqar İbrahimovun 95 min manat ziyanından hər hansı məbləğ ödənilmədiyi, digər zərərçəkən Xuraman Məmmədovaya isə 44 min 750 manat ziyandan 4 min manat ödənildiyi bildirilib. Məlum olub ki, Yadigar Bilalov Moskva Univermağında qızılın alışı-satışı ilə məşğul olub. Dələduzluq etdiyi şəxslərdə elə qızıl alverçiləri olub.

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi ilə ittiham irəli sürülüb.

Orxan Rasifoğlu