İstilik təchizatında tariflərin müəyyən olunması qaydaları hazırlanacaq


  • 23 Aprel 14:41

Tənzimləyici istilik təchizatı sektorunda tənzimlənən qiymətlərin (tariflərin) müəyyən olunması qaydalarını hazırlayacaq.

E-huquq.az xəbər verir ki, bu, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "İstilik təchizatı haqqında" qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, istilik təchizatı sektorunda tənzimləyici aşağıdakıları həyata keçirir:

- tənzimlənən qiymətləri (tarifləri) müəyyən edir;

- istilik təchizatı subyektləri və istehlakçılar tərəfindən istilik təchizatı sektorunu tənzimləyən normativ hüquqi aktların və normativ xarakterli aktların tələblərinə riayət edilməsinə nəzarət edir;

- istilik təchizatı subyektləri üçün ödənilməsi məcburi olan, bu Qanunda nəzərdə tutulan tənzimləmə haqqının məbləğini hesablayır və həmin subyektlərə bildirir;

- istilik təchizatı subyektləri arasında yaranan mübahisələrə baxır;

- istehlakçıların şikayətlərinə baxır;

- şəbəkədə istilik enerjisi itkilərinin hesabat dövrü üçün normativ göstəricilərini müəyyənləşdirir;

- istilik enerjisinin keyfiyyətinə dair texniki tələblərə (fərdi istilik sistemləri istisna olmaqla) riayət olunmasına nəzarət edir;

- istilik qurğularının, o cümlədən şəbəkənin payız-qış mövsümünə hazırlığının təmin edilməsinə nəzarət edir;

- istilik təchizatı sektorunda təbii inhisar subyektlərinin hər il üzrə gəlir və xərclər smetalarının razılaşdırılmasında və onların icrasına nəzarətin həyata keçirilməsində iştirak edir;

- istilik təchizatı sektorunun monitorinqini (o cümlədən, kameral monitorinqini) həyata keçirir.

Tənzimləyici tərəfindən istilik təchizatı sektorunu tənzimləyən Azərbaycan Respublikasının qanunları ilə və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktlarla müəyyən edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblərə riayət edilməsinin qiymətləndirilməsi məqsədilə sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə yoxlamalar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.

İstilik təchizatı sektorunda dövlət nəzarəti həyata keçirilərkən istilik təchizatı sektorunu tənzimləyən normativ hüquqi aktların və normativ xarakterli aktların tələblərinin pozulması aşkar edildikdə, onların aradan qaldırılması ilə bağlı tənzimləyici tərəfindən yazılı göstərişlər verilir. Belə göstərişlərin icrası barəsində göstəriş verilmiş istilik təchizatı subyektləri və istehlakçılar üçün məcburidir.
İstilik təchizatı sektorunda tənzimləyici aşağıdakı qaydaları təsdiq edir və rəsmi internet saytında dərc edir:

- monitorinq qaydalarını;

- kommersiya uçotu qaydalarını;

- şəbəkədə istilik enerjisi itkilərinin hesabat dövrü üçün normativ göstəricilərinin müəyyənləşdirilməsi qaydalarını;

- istilik təchizatı sektorunda tənzimlənən qiymətlərin (tariflərin) müəyyən olunması qaydalarını.

Tənzimləyici istilik təchizatı subyektlərinin uçotunu aparır. Uçotun aparılması qaydasını tənzimləyici müəyyən edir.

Qeyd edək ki, tənzimləyici istilik təchizatı sektorunda dövlət tənzimlənməsini, nəzarətini həyata keçirən və statusu qanunla müəyyən edilən qurumdur.

Oxşar xəbərlər