İstilik təchizatı sektorunda tənzimlənməni həyata keçirən qurum bu vəzifələri icra edəcək


  • 23 Aprel 14:05

İstilik təchizatı sektorunda dövlət tənzimlənməsini, nəzarətini həyata keçirən və statusu qanunla müəyyən edilən qurum tənzimləyici hesab ediləcək.

E-huquq.az xəbər verir ki, bu məsələ Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “İstilik təchizatı haqqında” qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, istilik təchizatı sektorunda tənzimləyici aşağıdakıları həyata keçirəcək:

• tənzimlənən qiymətləri (tarifləri) müəyyən edəcək (Bu maddə 2028-ci il iyulun 1-dən qüvvəyə minəcək);
• istilik təchizatı subyektləri və istehlakçılar tərəfindən istilik təchizatı sektorunu tənzimləyən normativ hüquqi aktların və normativ xarakterli aktların tələblərinə riayət edilməsinə nəzarət edəcək;
• istilik təchizatı subyektləri üçün ödənilməsi məcburi olan tənzimləmə haqqının məbləğini hesablayacaq və həmin subyektlərə bildirəcək;
• istilik təchizatı subyektləri arasında yaranan mübahisələrə baxacaq;
• istehlakçıların şikayətlərinə baxacaq;
• şəbəkədə istilik enerjisi itkilərinin hesabat dövrü üçün normativ göstəricilərini müəyyənləşdirəcək;
• istilik enerjisinin keyfiyyətinə dair texniki tələblərə (fərdi istilik sistemləri istisna olmaqla) riayət olunmasına nəzarət edəcək;
• istilik qurğularının, o cümlədən şəbəkənin payız-qış mövsümünə hazırlığının təmin edilməsinə nəzarət edəcək;
• istilik təchizatı sektorunda təbii inhisar subyektlərinin hər il üzrə gəlir və xərclər smetalarının razılaşdırılmasında və onların icrasına nəzarətin həyata keçirilməsində iştirak edəcək;
• istilik təchizatı sektorunda istilik təchizatı sektorunun monitorinqini (o cümlədən, kameral monitorinqini) həyata keçirəcək (Bu maddə 2028-ci il iyulun 1-dən qüvvəyə minəcək).

Tənzimləyici tərəfindən istilik təchizatı sektorunu tənzimləyən Azərbaycan Respublikasının qanunları ilə və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktlarla müəyyən edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblərə riayət edilməsinin qiymətləndirilməsi məqsədilə sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə yoxlamalar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçiriləcək.
İstilik təchizatı sektorunda dövlət nəzarəti həyata keçirilərkən istilik təchizatı sektorunu tənzimləyən normativ hüquqi aktların və normativ xarakterli aktların tələblərinin pozulması aşkar edildikdə onların aradan qaldırılması ilə bağlı tənzimləyici tərəfindən yazılı göstərişlər veriləcək. Belə göstərişlərin icrası barəsində göstəriş verilmiş istilik təchizatı subyektləri və istehlakçılar üçün məcburi olacaq.

İstilik təchizatı sektorunda tənzimləyici aşağıdakı qaydaları təsdiq edəcək və rəsmi internet saytında dərc edəcək (Bu maddə 2028-ci il iyulun 1-dən qüvvəyə minəcək):

• monitorinq qaydalarını;
• kommersiya uçotu qaydalarını;
• şəbəkədə istilik enerjisi itkilərinin hesabat dövrü üçün normativ göstəricilərinin müəyyənləşdirilməsi qaydalarını;
• istilik təchizatı sektorunda tənzimlənən qiymətlərin (tariflərin) müəyyən olunması qaydalarını.

Tənzimləyici istilik təchizatı subyektlərinin uçotunu aparacaq. Uçotun aparılması qaydasını tənzimləyici müəyyən edəcək (Bu maddə 2028-ci il iyulun 1-dən qüvvəyə minəcək).

2028-ci il iyulun 1-dək tənzimləyicinin bu Qanunda nəzərdə tutulan səlahiyyətləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçiriləcək.

Oxşar xəbərlər