- 21:02
Ermənistan Konstitusiyasındakı Azərbaycanın ərazi bütövlüyünə dair iddialar aradan qaldırılmalıdır.
E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov “TRT World” telekanalına müsahibəsində danışıb.
XİN rəhbəri qeyd edib ki, təəssüf ki, bu vaxta qədər Ermənistan bu istiqamətdə heç bir addım atmayıb.
“İki əsas məsələ açıq qalır. Ən vacib məsələ Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə qarşı iddiaları əks etdirən müddəaların mövcudluğudur. Bu, nə bizim, nə də Ermənistan üçün yeni məsələ deyil. Sülh danışıqları ilə paralel olaraq, biz daim bu məsələni Ermənistanın diqqətinə çatdırmışıq. Hətta 2023-cü ilin may ayında biz bu barədə sənədi Ermənistana təqdim etmişik.
Digər bir məsələ isə ATƏT-in Minsk Qrupuna və onunla əlaqəli digər strukturlara aiddir. Bu qurumlar 1990-cı illərin əvvəlində Qarabağ münaqişəsinin həllinə yönəlmişdi. Amma indi bu strukturlar tamamilə fəaliyyətsizdir və heç bir nəticə vermir. Məsələn, həmsədr ölkələr - Fransa, ABŞ və Rusiya bir-birilə belə görüşə bilmir”, - nazir vurğulayıb.
Xarici işlər naziri əlavə edib ki, yekun nəticə üçün hələ görüləsi işlər var və bu addımlar indi Ermənistanın tərəfindən atılmalıdır.